Müdafiə naziri: Azərbaycan Ordusunun ən müasir silah və döyüş texnikası ilə təchizatı davam etdiriləcək
Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqla təchizatı bundan sonra da planlı şəkildə davam etdiriləcək.
“Poliqon”un məlumatına görə, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunda dislokasiya olunan hərbi hissədə hərbi qulluqçularla görüşəndə deyib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb.
Nazir 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb.