
Müdafiə naziri: Azərbaycan Ordusunun Türkiyə standartlarına uyğunlaşdırılması işləri davam etdirilir
Aprelin 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.
R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.