Müdafiə naziri Laçında döyüş və avtomobil texnikası parkında texniki xidmətin keyfiyyəti ilə maraqlanıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi infrastruktura baxış keçirib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şəxsi heyətin yaşayış yeri ilə tanış olan müdafiə nazirinə məruzə edilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Sonra general-polkovnik Z.Həsənov hərbi hissənin tibb məntəqəsində olub. Məruzə olunub ki, burada hərbi qulluqçuların müayinə və müalicəsini həyata keçirmək üçün müasir tipli tibbi avadanlıqlar quraşdırılıb, səyyar flüoqrafiya rentgen maşını və təxliyə üçün təcili tibbi yardım avtomobilləri mövcuddur. Nazir tibb məntəqəsində müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Müdafiə naziri döyüş və avtomobil texnikası parkında hərbi texnikanın saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə də maraqlanıb.
Daha sonra hərbi qulluqçularla görüşən müdafiə naziri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Nazir 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb. Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqla təchizatının bundan sonra da planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.
Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya sahəsində Ordunun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.
Görüşdə hərbi qulluqçular işğaldan azad edilən ərazilərdə xidmət etməkdən qürur duyduqlarını və burada yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Hərbi hissələrin xidməti döyüş fəaliyyəti ilə də maraqlanan müdafiə naziri Azərbaycan Prezidentinin Ordu qarşısında qoyduğu vəzifələrin icrası, eləcə də döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı konkret tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir.