Müdafiə naziri XTQ-nin hərbi hissəsində olub

Müdafiə naziri XTQ-nin hərbi hissəsində olub

Yanvarın 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olublar.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Müdafiə naziri hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.
XTQ-nin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi hissədə aparılan işlər barədə Müdafiə nazirinə məruzə edib.

Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Sonra Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Nazir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

Sonda Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar ordu quruculuğunda aparılan islahatlar çərçivəsində yeni hərbi obyektlərin tikintisi davam etdirilir.

M1

M2

M3

M4

Poliqon.az

CATEGORIES
TAGS