
Müdafiə naziri: Xüsusi təyinatlılarımızın peşəkarlıq səviyyəsi xeyli yüksəlib
Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib.
“Poliqon”un məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Üç qardaş-2021” beynəlxalq təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə deyib.
“Təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi”, – deyə Müdafiə naziri vurğulayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirən Müdafiə naziri gələcəkdə də bu cür təlimlərin keçiriləcəyini qeyd edib.