Müdafiə naziri yeni hərbi infrastrukturlara baxış keçirib

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış olub. Məruzə olunub ki, müxtəlif qoşun növləri bölmələrinin təyinatı nəzərə alınmaqla real döyüş şəraitinə uyğunlaşdırılan mərkəzdə təlimlərə cəlb ediləcək hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə lazımi infrastruktur yaradılıb.
Sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Daha sonra general-polkovnik Z.Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib.
Bildirilib ki, burada hərbi qulluqçulara atəş və dağ hazırlığı, eləcə də müxtəlif maneələrdən keçid və digər fəaliyyətlərin aparılması öyrədilir.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını müsbət qiymətləndirən nazir onların qayğıları ilə maraqlanıb, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb.
Sonda müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.





