
Müdafiə Nazirliyinin nümayəndələri anım mərasimlərində iştirak ediblər
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə anım mərasimləri keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Vətən müharibəsi şəhidləri Nahid Mikayılov, Elmaz Hacıyev, Sadiq Azayevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət himni səsləndirilib.
Sonra şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.
Tədbirlərdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından, igidliyindən danışıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin uca tutulduğuna görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.