
Müdafiə sənayesi ekosisteminin inkişafı üzrə universitetlərlə birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib
Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbər heyətləri ilə görüşlər keçirib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşlərdə Nazirliyin 2025-2030-cu illər üçün müəyyənləşdirdiyi insan kapitalının inkişafı üzrə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, həmçinin güclü müdafiə sənayesi ekosisteminin formalaşdırılması məqsədilə universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub.
Universitet nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti, tədris və tədqiqat imkanları, müdafiə sənayesi istiqaməti üzrə həyata keçirə biləcəkləri işlər barədə geniş təqdimatla çıxış ediblər.
Müzakirələr zamanı ölkəmizdə müdafiə sənayesinin uzunmüddətli və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə tədqiqat və inkişafa əsaslanan, elm tutumlu ekosistemin formalaşdırılmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.
Səmimi və konstruktiv şəraitdə keçirilən görüşlərdə qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsinə və prosesin davamlılığının təmin edilməsinə dair fikir mübadiləsi aparılıb, həmçinin belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.







