
Müdafiə sənayesi naziri IDEF-2021 sərgisində iştirak edir
17-20 avqust 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir.
“Poliqon”a xəbər verir ki, sərgidə Azərbaycanın Müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
Sərgi zamanı Mədət Quliyevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.