Müharibədən sonra artilleriya silahlarının təkmilləşdirilməsinə baxış
Hər bir müharibənin nəticələri silahlanmadakı silah və texnika nümunələrinin xüsusiyyətlərinin yenidən nəzərdən keçirilməsini və onların döyüş tətbiqinin effektivliyinə xüsusi diqqət yetirilməsni tələb edir. Azərbaycan Respublikasının erməni qəsbkarlarına qarşı 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsi də Azərbaycan Ordusu daxil olmaqla bir çox dünya ordularında böyük təhlil edilmiş və əldə edilmiş nəticələr əsasında həm ordunun strukturunun, həm də silahlanmadakı silah və texnika nümunələrinin təkmilləşdirilməsi üçün müvafiq qərarların qəbul edilməsinə vəsilə olmuşdur.
İstənilən silah nümunəsinin təkmilləşdirilməsinin əsas məqsədi, yeni nəsil silah sistemləri silahlanmaya qəbul edilənədək mövcud nümunələrin müasir döyüşün tələblərinə cavab verən döyüş xüsusiyyətlərini artırmaq, onların xidmət müddətini uzatmaq və döyüş tətbiqi şəraitini genişləndirməkdir. Ənənəvi olaraq, təkmilləşmə, müasir və yeni silahların həyat dövrü ərzində taktiki-texniki xassələrinin yaxşılaşdırılması ilə müşayiət olunur. Hazırda bir çox orduların silahlanmasında yer alan çoxsaylı artilleriya sistemlərinin effektivliyi döyüş fəaliyyətlərinin aparılmasının müasir tələblərinə cavab vermir. Hətta uzunmüddətli istismar nəticəsində özünü yaxşı tanıtmış silah nümunələrinin böyük əksəriyyətinin yaradılmasından demək olar ki, 40-50 il müddət keçmişdir və artıq onlar müasir tələblərlə ayaqlaşa bilmir. Onların yaradıldığı dövrdən indiyədək döyüş fəaliyyətlərinin aparılması xüsusiyyətləri dəyişilmiş, həmçinin yeni növ döyüş sursatları yaradılmışdır ki, bu sursatların da mövcud artilleriya sistemlərində effektiv tətbiqi müəyyən texniki səbəblərdən mümkün deyil.
Artıq dünyanın silah istehsalı üzrə aparıcı ölkələrinin hərbi mütəxəssisləri də hesab edirlər ki, yeni silah nümunələrinin yaradılması ilə yanaşı, mövcud olanların təkmilləşdirilməsi daima həyata keçirilməlidir. Bu səbəbdən də artıq ABŞ, Rusiya, Türkiyə daxil olmaqla bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ-nin dağılması ilə müstəqillik əldə etmiş bəzi respublikalarda uzun müddət istismarda olan, müasir tələblərə cavab verməyən silah və döyüş texnikası nümunələrinin təkmilləşdirilməsi həyata keçirilir. Təkmilləşdirmə digər silah və hərbi texnika nümunələri ilə yanaşı artilleriya sistemlərini də əhatə edir. Bununla əlaqədar olaraq, köhnə silah sistemlərinin müasirləşdirilməsi, yeniləşdirilməsi, təkmilləşdirilməsi və yaxşılaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış müvafiq konstruktor-layihələndirmə işləri yerinə yetirilir. Bu zaman müasir təhdidlər nəzərə alınaraq, əsas diqqət sistemin atəş məsafəsinin artırılmasına və dəqiqliyinin yüksəldilməsinə yönəldilir. Belə işlər adətən hərbi mütəxəssislərin tələblərinə əsasən yerli müəssisələr (və ya birgə müəssisələr) tərəfindən özünü taktiki-texniki cəhətdən yaxşı göstərmiş, lakin uzunmüddətli istismar nəticəsində köhnəlmiş, mənəvi-texniki cəhətdən qocalmış, amma hələ də potensialı olan nümunələr üzərində yerinə yetirilir.
Az öncə qeyd edildiyi kimi, təkmilləşdirmə, silahlanmada olan artilleriya sistemlərinin xidmət müddətinin artırılması, əlavə olaraq eyni təyinatlı silah nümunələrinin alınmaması, hərəkətli nümunələrin şassisinin dəyişdirilməsi, atəşi idarəetmə vasitələrinin yeni elektron avadanlıq və element bazasının tətbiqi, həmçinin alınan məlumatların rəqəmsal işlənilməsi hesabına müasirləşdirilməsi məqsədi ilə həyata keçirilir. Bu zaman artilleriya bölmələrinin istifadə etdiyi döyüş sursatlarının çeşidinin genişləndirilməsinə nail olunur, həmçinin bölmələrin manevr qabiliyyətinin, atəş gücünün, atış məsafəsinin və dəqiqliyinin yüksəldilməsi, tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtın azaldılması əldə edilir.
Bu məqalədə bəzi artilleriya sistemləri ilə yanaşı, əsasən XX əsrin 60-80-ci illərində keçmiş SSRİ-də istehsal olunmuş, artıq özünün istismar resurslarını başa vurmuş, lakin Azərbaycan Ordusu da daxil olmaqla bir çox ölkələrin ordularının silahlanmasında duran, reaktiv və lüləli özüyeriyən, tank əleyhinə raket kompleksi kimi müxtəlif təyinatlı üç artilleriya sisteminin təkmilləşdirilməsi konsepsiyasına baxılır. Qeyd edək ki, “Poliqon” hərbi texnoloji jurnalının 2021-ci il 01 (51) yanvar-fevral nömrəsində “Lüləli artillerıya silahları üçün idarə olunan döyüş sursatları” başlıqlı məqalədə 122 mm-lik D-30 və 2S1 “Qvozdika”, 152 mm-lik D-20, ML-20, 2A65 “Msta-B”, 2S3M “Akatsiya”, 2S19 “Msta-S” və 155 mm-lik NATO 2С19М1-155 kimi artilleriya sistemlərinin atəş dəqiqliyinin yüksəldilməsi üçün istifadə edilən idarə olunan döyüş sursatları və silah kompleksləri haqqında ətraflı məlumat verildiyi üçün bu materialda həmin sistemlərin təkmilləşdirilməsi suallarına diqqət yetirilməyib.
Rusiyada dünyanın ən güclü artilleriya komplekslərindən olan özüyeriyən 203 mm-lik 2S7M “Malka” topunun və 240 mm-lik 2S4 “Tülpan” minaatanının təkmilləşdirilməsi üzərində işlər yerinə yetirilib. Belə ki, mütəxəssislər sözügedən döyüş texnikalarının rabitə avadanlıqlarını, müşahidə cihazlarını və digər elementlərini yeniləyiblər. Təkmilləşdirmə zamanı 2S7M “Malka” ÖAQ sürətlər qutusu, paylama mexanizmləri və enerji təchizatı blokları dəyişdirilib, müşahidə cihazları, daxili rabitə avadanlıqları və radiostansiyası yenilənib. Nüvə əleyhinə müdafiə sisteminin cihaz kompleksi əsaslı təmir olunub. 2S7M “Malka” özüyeriyən top Sovet istehsalı 203 mm-lik 2S7 “Pion” topunun təkmilləşdirilmiş versiyasıdır. Top, 47 kilometrə qədər məsafədə taktiki dərinlikdə yerləşən düşmənin arxa cəbhəsinin susdurulması, xüsusi vacib obyektlərini və nüvə hücum vasitələrinin məhv edilməsi üçün təyin edilib. Top qəlpəli-fuqas mərmilərlə və aktiv-reaktiv döyüş sursatları ilə atəş apara bilir. Bunlarla yanaşı, silahın əsas üstünlüyü betondələn və kimyəvi mərmilərindən, həmçinin nüvə atımlı xüsusi döyüş sursatlarından istifadə etmək qabiliyyətidir.
Təkmilləşdirilmiş 2S4 “Tülpan” minaatanları isə vahid taktiki zəncir sistemində işləməyə imkan verəcək yeni rabitə sistemləri və radiostansiyalarla, yeni müşahidə cihazları, xarici rabitə aparatları və nüvə əleyhinə müdafiə sisteminin cihaz kompleksi ilə təchiz edilib. Bundan başqa əlavə silahlar da quraşdırılıb. 2S4 “Tülpan” ÖAQ Sovet artilleriyasının 240 mm çaplı özüyeriyən minaatanıdır. O, möhkəmləndirilmiş binaları, düşmənin şəxsi heyətini və silahlarını məhv etmək üçün təyin edilib.
ABŞ-ın ERCA uzun mənzilli lüləli artilleriya layihəsinin icra müddətində M109 özüyeriyən artilleriya qurğularının və M777 yedəyə alınan haubitsaların atış mənzilinin artırılması, yeni döyüş sursatlarının tətbiqi və əsas silahların dərin təkmilləşdirilməsi planlaşdırılıb. 155 mm-lik haubitsa ilə silahlandırılmış M109 ÖAQ-ın sonuncu versiyası, M109A6 “Paladin” sisteminin bazasında təkmilləşdirmə üsulu ilə yaradılmış М109А7 artilleriya qurğusudur. Təkmilləşdirilmiş ÖAQ rəqəmsal atəşi idarəetmə sistemi və təkmilləşdirilmiş yarımavtomatik doldurma sistemi ilə təchiz edilib. Silahın hidravlik idarəetmə sistemləri elektrik ötürücüləri ilə əvəz edilib ki, bu da sursatın daşınan döyüş dəstini artırmağa imkan verib. Əsas silahı M182A1 dəzgahında quraşdırılmış 155 mm-lik M284 haubitsasıdır.
Qəbul edilərək icra olunan ERCA proqramı üzrə yaradılan M1299 ÖAQ isə, 9,1 m uzunluğundakı daha uzun lüləli XM907 haubitsasından və doldurma avtomatından ibarət inkişaf etmiş silah sisteminin inteqrasiya edildiyi M109A7 “Paladin” şassisinə əsaslanır. Doldurma avtomatının konveyeri 23 dəst atəş yığımının saxlanmasını təmin edir. Yeni artilleriya sistemində XM1113 aktiv-reaktiv mərmi və atış məsafəsini 38 km-dən 70 km-dən çox artıracaq M1299 haubitsası kimi ən azı iki qabaqcıl texnologiya tətbiq edilib. Hazırda daha təkmil və yüksək atış templi ERCA M1299E1 ÖAQ hazırlanması istiqamətində işlər yerinə yetirilir.
ERCA proqramı çərçivəsində təkmilləşdirilən digər bir artilleriya sistemi isə 155 mm çaplı M777 yedəyə alınan haubitsanın M777A2 modelidir. M777A2 haubutsası 5,08 m uzunluğunda lülə, optik atəşi idarəetmə, enerji mənbəyi, GPS sistemi, inersial naviqasiya, radioqəbuledici, displey, yenilənmiş proqram təminatı ilə təchiz edilib. Təkmilləşdirmə nəticəsində M777A2 “Excalibur” sursatından istifadə edə bilir. Təkmilləşdirmə, XM1113 aktiv-reaktiv mərmisini və XM654 atımını, avtomatik doldurucunu və yeni atəşi idarəetmə sistemini də əhatə edir. Təkmilləşdirmə nəticəsində maksimal atəş məsafəsi 40 km-dən 70 km-ə qədər artıb.
Artilleriya sistemlərinin təkmilləşdirməsi istiqamətində digər bir layihə isə Çex Respublikasının “Excalibur Army” şirkətinin istehsalı olan 152 mm-lik “ShKH vz. 77 Dana” ÖAQ-ın sonuncu təkmilləşdirilmiş variantı olan 155 mm çaplı “Dita” artilleriya qurğusudur. “Dita” ÖAQ, 152 mm-lik “Dana” ÖAQ-ın son “Dana-M1M” modifikasiyasının əsasında yaradılmışdır, lakin bir sıra əhəmiyyətli fərqlərə malikdir. Belə ki, “Dita” ÖAQ-ın artilleriya modulu tamamilə avtonomdur və mütəxəssislərin fikrincə, müxtəlif növ şassilərə quraşdırıla bilər. Bundan başqa, “Dita” tam avtomatlaşdırılıb, avtomatik doldurma və atəşi idarəetmə sistemləri sayəsində heyət azaldılıb. Artilleriya qurğusunun idarə olunması kabinadan yerinə yetirilir. Yeni qurğu 155 mm çaplı və 45 çap uzunluğundakı NATO standartlı haubitsa ilə təchiz edilib. Maksimal atəş məsafəsi 39 km-ə bərabərdir. Atış tempi dəqiqədə 6 atəş, daşınan döyüş sursatı isə 40 atəş yığımı təşkil edir. “Dita” ÖAQ yaradılmazı zamanı, kifayət qədər yüksək keçidlik qabiliyyəti ilə tanınan 8×8 təkər formullu “Tatra” avtomobilinin xüsusi şassisindən istifadə olunub.
Sovet istehsalı yedəyə alınan 130 mm-lik M-46 topu Hindistanda uğurla təkmilləşdirilib və “Sharang” adı ilə ordunun silahlanmasına qəbul edilib. İşlər tamamilə yerli müəssisələr tərəfindən həyata keçirilib. Yerinə yetirilən təkmilləşdirmə işləri 130 mm-lik topun 45 çap uzunluğundakı 155 mm-lik yeni topla əvəz edilməsindən ibarətdir. Bundan başqa, təkmilləşdirilmə zamanı topun dəstinə müasir nişangahlar və doldurma mexanizmi də tətbiq edilib. Həmçinin, atəş dəqiqliyinin yüksəldilməsi məqsədi ilə müasir atəşi idarəetmə sistemi quraşdırılıb. Yeni topun maksimal atəş məsafəsi 27490 metrdən 39000 metrə qədər artıb.
Uzun dövr ərzində aparılmış təhlillər nəticəsində məlum olmuşdur ki, dünyanın bir çox ölkəsində keçmiş SSRİ müdafiə sənayesi müəssisələri tərəfindən istehsal edilmiş çoxsaylı artilleriya sistemləri ilə yanaşı 122 mm-lik 9K51 “Qrad” yaylım atəşli reaktiv sistemlərin (YARS), 120 mm-lik 2S9 “Nona-S” özüyeriyən artilleriya qurğularının və 9K114 “Şturm-S” tank əleyhinə idarə olunan raket komplekslərinin (TƏİRK) də istismarı davam edir və onların təkmilləşdirilməsi həyata keçirilir. Burada baxılan təkmilləşdirmələrin əsas məqsədi həm silah nümunələrinin taktiki-texniki göstəricilərinin müasir döyüşün şərtlərinə uyğun vəziyyətə çatdırmaq, həm onların texniki resurslarının artırılaraq xidmət müddətlərini uzatmaq, həm də mövcud olan silah nümunələri hesabına yeni məmulat əldə etməyərək böyük həcmdə maliyyə vəsaitinə qənaət etməkdir.
Materialda digər qonşu ölkələrdəki təcrübə nəzərə alınaraq, hazırda Azərbaycan Ordusunda mövcud olan çoxsaylı artilleriya sistemləri sırasından 122 mm-lik 9K51 “Qrad” YARS, 120 mm-lik 2S9 “Nona-S” ÖAQ və 9K114 “Şturm-S” TƏİR komplekslərinin təkmilləşdirilməsi suallarına baxılır. Yerinə yetiriləcək təkmilləşdirmə işləri başa çatdırıldıqdan sonra son nəticə olaraq müzəffər Azərbaycan Ordusunun təkmilləşdirilmiş yuxarıda adı keçən artilleriya sistemləri ilə silahlandırılmış artilleriya bölmələrinin manevr qabiliyyəti və döyüş tapşırıqlarını yerinə yetirmək imkanları yüksələcək, eləcə də silah sistemlərinin atəş gücü, məsafəsi, dəqiqliyi və xidmət müddəti artacaq.
122 mm-lik 9K51 “Qrad” YARS təkmilləşdirilməsi
Bildiyimiz kimi, bütün YARS-lar, o cümlədən 122 mm-lik BM-21 “Qrad” döyüş maşını düşmənin cəmləşmə rayonlarında canlı qüvvəsinin və döyüş texnikasının, artilleriya və minaatan batareyalarının məhv edilməsi və susdurulması, müqavimət göstərmək məqsədilə möhkəmləndirilmiş yerlərinin (rayonlarının), komanda və dayaq məntəqələrinin və qovşaqlarının dağıdılması üçün təyin edilib. 122 mm BM-21 “Qrad” döyüş maşını yalnız SSRİ-də (Rusiyada) deyil, eləcə də həm lisenziyalı modelləri, həm də surətləri Çində (Type 83 və Type 90), Koreya Xalq Demokratik Respublikasında (BM-11), Misirdə (SAKR-18), Rumıniyada (APR-40), Birləşmiş Ərəb Əmirliklərində, keçmiş Çexoslovakiya Respublikasında (RM-70, RM-70/85), İranda (HM20 “Hadid”), İraqda, Pakistanda (T-83 “Azar”), Cənubi Afrika Respublikasında (Valkiriya Mk II) istehsal edilmişdir.
Hazırda bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasında, Belarusda, Ukraynada, Çex Respublikasında, Slovakiyada, Vyetnamda, Ermənistanda, Gürcüstanda, Qazaxstanda və Türkiyədə 9K51 “Qrad” YARS təkmilləşdirilməsi işləri həyata keçirilib. Belə ki:
Rusiyada 122 mm-lik 9K51M “Tornado-Q” və 2B26 “Qrad-K” YARS yaradılıb. Yeni sistemdə 122 mm BM-21 “Qrad” döyüş maşınında tətbiq olunan bütün reaktiv mərmilərlə yanaşı qeyd edildiyi kimi yeni çeşidli reaktiv mərmilərdən də istifadə olunur. 122 mm 9K51M “Qrad” kompleksinin tərkibinə modernləşdirilmiş BM-21 döyüş maşını, həm köhnə, həm də yeni nəsil 122 mm-lik reaktiv mərmilər, həmçinin “Kapustnik-BM” atəşi avtomatik idarəetmə vasitələri kompleksi daxildir. Döyüş maşınının kabinasında məsafədən idarəetmə və atəşi avtomatik idarəetmə sistemi yerləşdirilib. Yerüstü atəşi avtomatik idarəetmə sistemi döyüş maşınından topogeodeziya hazırlığı olmadan və heyət üzvləri kabinadan çıxmadan atəş aparmanı təmin edir. Xüsusi videmonitorda döyüş maşınının hərəkət marşrutu və istiqamətləndiricilər paketinin vəziyyəti barədə məlumat avtomatik rejimdə əks etdirilir.
Belarusda 122 mm-lik 9K51 “Qrad” YARS MAZ-631705 şassisi üzərində təkmilləşdirilib. Təkmilləşdirilmiş döyüş maşınına BM-21 “Qrad-1A” (“BelQrad”) adı verilib. MAZ avtomobilinin imkanları hesabına daşınan döyüş dəstinin sayı iki dəfə artırılıb və yenidəndoldurma müddəti 7 dəqiqəyə çatdırılıb. Qeyd etmək lazımdır ki, 122 mm-lik “BelQrad” və BM-21 “Qrad” döyüş maşınları eyni artilleriya hissələrinə malikdir. 122 mm-lik “BelQrad” YARS tərkibinə döyüş maşını üzərində buraxma qurğusu, komanda-qərargah maşını (KQM) və nəqletmə-doldurma maşını (NDM) daxildir.
Ukraynada 122 mm BM-21 “Qrad” YARS təkmilləşdirilməsi zamanı döyüş maşının köhnə bazası yeni, yüksək keçidlilik qabiliyyətinə malik, təkər formulu 6×6 olan həm KrAZ-6322, həm KrAZ-6322-121, həm də KrAZ-6322-120-82 avtomobili ilə əvəz edilib, döyüş maşınında yeni naviqasiya sistemi və rabitə vasitələri qurşadırılıb. Təkmilləşdirilmədən sonra döyüş maşınına müvafiq olaraq BM-21U “Qrad” (“Bastion-1”) və BM-21U “Qrad-M” (“Bastion-2”) markalanması verilib. 122 mm-lik BM-21U “Qrad-M” yaylım atəşli reaktiv sisteminin tərkibinə buraxma qurğusu, komanda-qərargah maşını və nəqletmə-doldurma maşını daxildir.
Çexoslovakiyada istehsal olunmuş 122 mm-lik RM-70/85 YARS Çexoslovakiya dağıldıqdan sonra yeni yaranmış Çexiya və Slovakiyada istehsalı davam etdirilir. RM-70/85 döyüş maşınını BM-21 döyüş maşınından fərqləndirən əsas cəhət onun qısa zaman ərzində yenidən doldurulması üçün xüsusi yenidəndoldurma qurğusu ilə təchiz olunmasıdır. Bu qurğu platformada birbaşa kabinanın arxasında yerləşdirilib. 40 ədəd reaktiv mərmi stellajın xüsusi açıq daraqlarında yerləşdirilib. Yaylım atəşindən sonra reaktiv mərmilərin istiqamətləndiricilər paketinə yenidən doldurmaq üçün daraqları istiqamətləndiricilər ilə uzlaşdırmaq lazımdır. RM-70/85M döyüş maşını yeni atəşi idarəetmə sistemi və naviqasiya avadanlığı ilə təkmilləşdirilib. Təkmilləşdirilmədən sonra döyüş maşınından aparılan atışın məsafəsi yeni reaktiv mərmilərin tətbiqi sayəsində 20,5 km-dən 36 km-ə artıb.
Türkiyədə təkət formulu 6×6 olan MAN avtomobilinin şassisində və yaxud sufarişçinin istəyinə uyğun olaraq təkər formulu 8×8 olan KamAZ-63502 avtomobilinin şassisində sovet istehsalı olan BM-21 döyüş maşınının bazasında yaradılmış 122 mm-lik T-122 “Sakarya” YARS istehsal olunur. Döyüş maşınının artilleriya hissəsi 20 istiqamətləndirici borulu iki yarımpaketdən ibarətdir. Paket tuşlama mexanizmləri və nişangah qurğuları olan fırlanan bünövrəyə yerləşdirilib. Döyüş maşınında elektro-texniki və hidravlik aparatlar nəzərdə tutulub. İstiqamətləndirici borular yüngül struktur çərçivənin köməkliyi ilə yığılır və nizamlanır. Paketin dəyişdirilməsi döyüş maşınında quraşdırılmış hidravlik kran vasitəsilə, yaylım atəşindən sonra istiqamətləndiricilərin doldurulması isə əllə yerinə yetirilir. Tətbiq edilmiş müasir atəşi idarəetmə sisteminin sayəsində atış məsafəsi 20,4 km-dəm 40 km-ə qədər artırılıb.
Döyüş maşınının təchiz edildiyi “BORA-2100” tipli müasir idaretmə sistemi imkan verir ki, atışdan əvvəl və atış zamanı sistemin özünüyoxlamasını yerinə yetirsin; müxtəlif başlıqlı idarə olunmayan reaktiv mərmilərlə atış aparmaq üçün ilkin məlumatları hazırlasın; heyət kabinadan kənara çıxmadan istiqamətləndiricilər paketini avtomatik tuşlasın; idarə olunmayan reaktiv mərmilərlə tək-tək və ya 2 saniyəlik atış templi yaylım atəşi aparsın; yaddaşında 20 hədəfin yerləşmə yeri haqqında məlumatı saxlasın; METCM formatında və digər analoji formatda meteoroloji məlumatı daxil etsin.
T-122 “Sakarya” yaylım atəşli reaktiv sistemində bir neçə növ reaktiv mərmi tətbiq olunur: 122 mm-lik SR-122 fuqas başlıq hissəli və SB-122 qəlpəli-fuqas başlıq hissəli reaktiv mərmilər – 20 km; 122 mm-lik TR-122 fuqas başlıq hissəli və TRB-122 qəlpəli-fuqas başlıq hissəli reaktiv mərmilər – 40 km; 122 mm-lik TRK-122 reaktiv mərmi – 30 km. Reaktiv mərmi kasset başlıq hissəyə malikdir.
Ermənistanda 122 mm-lik 9K51 “Qrad” YARS BM-21 döyüş maşınını təkmilləşdirilməsi zamanı döyüş maşınının karbürator mühərrikli Ural-375D şassisi dizel mühərrikli Ural-4320 şassisi ilə dəyişdirilib. Həmçinin döyüş maşınından 40 km atış məsafəli reaktiv mərmilərin tətbiq olunması üçün xüsusi hissəyə yeni atəşi idarəetmə sistemi quraşdırılıb.
Gürcüstanda 9K51 “Qrad” YARS BM-21 döyüş maşının təkmilləşdirməsi nəticəsində maşının Ural-375D və Ural-4320 şassisi iki kabinalı KrAZ-63221 şassisi ilə əvəz edilmiş və kabina zirehlə təchiz edilib. Yeni şassidə GG-122 (ZCRS-122) döyüş maşının 6 nəfərlik heyəti tam şəkildə kabinada yerləşir. Həmçinin döyüş maşınından 45 km atış məsafəli reaktiv mərmilərin tətbiq olunması üçün xüsusi hissəyə yeni atəşi idarəetmə sistemi quraşdırılmışdır. Artilleriya hissəsi BM-21 “Qrad” döyüş maşının artilleriya hissəsidir.
Vyetnamda isə 122 mm-lik 9K51 “Qrad” YARS təkmilləşdirilməsi yerinə yetirilərək BM-21 döyüş maşını naviqasiya, mövqeləmə (topobəndetmə), atış məlumatlarının hazırlama sistemindən ibarət yeni rəqəmsal atəşi idarəetmə sistemi, həmçinin rabitə və məlumatları ötürmə vasitələri ilə təchiz edilib. Heyəti isə azaldılaraq 4 nəfərə çatdırılıb.
Qazaxstanda 122 mm-lik 9K51 “Qrad” YARS BM-21 döyüş maşınının həyata keçirilmiş təkmilləşdirilməsi zamanı şassi olaraq KamAZ şassisindən istifadə olunub. BM-21M “KazQrad” döyüş maşınının zirehli kabinasının üzərində tüstü qumbaraatanları, 7,62x54R mm-lik PKM pulemyotu, kabinada müasir rabitə vasitələri və atəşi idarəetmə sistemləri quraşdırılıb. Heyət 3 nəfərə çatdırılıb, atış məsafəsi isə 40 km təşkil edir.
Özbəkistan müdafiə sənayesi öz növbəsində BM-21 “Qrad” döyüş maşınının iki variantda təkmilləşdirilməsini həyata keçirilib. Birinci variantda döyüş maşını Ural şassisində qalmaqla avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilib. ikinci variantda təkmilləşdirmə zamanı köhnə Ural şassisi yeni KamAZ şassisi ilə əvəz edilib, YARS avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunub. Döyüş maşınına GM-21 MK “Boron” adı verilib.
Göründüyü kimi heç bir ölkədə mövcud olan 122 mm-lik 9K51 “Qrad” YARS silahlanmadan çıxarılmayıb və əksinə, təkmilləşdirilərək yenidən istifadə olunmaqdadır. Bütün hallarda reaktiv sistem yeni şassi, atəşi idarəetmə sistemləri və rabitə vasitələri ilə təchiz edilmiş, döyüş vəziyyətinə gətirilmə müddəti bir neçə dəfə azaldılmışdır. Yeni avadanlığın tətbiqi ilə sistemdə istifadə olunan reaktiv mərmilərin çeşidi, atış məsafəsi və atəş dəqiqliyi əhəmiyyətli dərəcədə artırılıb.
Sadalananları nəzərə alaraq, Azərbaycan Ordusunun silahlanmasında yer tutan BM-21 “Qrad” döyüş maşınlarının müasir döyüşün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədəuyğun hesab edilir. Yerinə yetiriləcək təkmilləşdirmə işləri ilk növbədə döyüş maşınının və nəqletmə-doldurma maşınının şassisini əhatə etməlidir. Hazırda istifadə olunan döyüş maşınlarının şassisinin yeni, uzun şassili, yüksək keçidlik imkanlarına malik avtomobillə dəyişdirmək daha məqsədəmüvafiqdir. Bu zaman döyüş maşınının şassisinin uzun olması onun üzərində həm artilleriya hissəsinin, həm də əlavə döyüş sursatı ehtiyatının daşınması üçün 9F37M tipli stellaj dəstinin yerləşdirilməsini təmin edəcəkdir. Bütün təkmilləşdirmə işlərində mövcud maşınların xüsusi (artilleriya) hissəsindən istifadə olunacaq. Eyni zamanda nəqletmə-doldurma maşınının da şassisi döyüş maşını üçün seçilmiş şassi ilə dəyişdirilməli və üzərində 2 dəst 9F37М tipli stellaj dəsti quraşdırılmalıdır. Beləliklə yeni YARS eyni zamanda dörd yaylım reaktiv mərmini – iki yaylım (80 ədəd raket) təkmilləşdirilmiş döyüş maşınında, iki yaylım (80 ədəd) təkmilləşdirilmiş nəqletmə-doldurma maşınında daşımaq imkanı əldə edəcəkdir. Bu da döyüş tapşırığı yerinə yetirən zaman döyüş maşınının döyüş sursatları ilə təminatını asanlaşdıracaqdır. Hazırda bu miqdarlar belədir: 1 yaylım (40 ədəd) döyüş maşınında, 1 yaylım (40 ədəd) nəqletmə-doldurma maşınında. Bu məqsədlə döyüş maşını zirehli kabinalı 8×8 təkər formullu KamAZ-63501 “Medved” avtomobili, nəqletmə-doldurma maşını üçün isə adi kabinalı 8×8 təkər formullu KamAZ-63501 “Mustanq” yük avtomibillərini götürmək olar.
Təkmilləşdirmə zamanı döyüş maşınının artilleriya hissəsinə (banına) Çinin “Norinco” şirkətinin istehsalı olan “Type-90B” tipli YARS-da tətbiq edilmiş mexanikləşdirilmiş yığılan örtük (tent) də quraşdırıla bilər. Belə örtük həm artilleriya hissəsini və döyüş sursatlarını ətraf mühitin mənfi təsirlərindən qorumağa, həm də yürüş vəziyyətində döyüş maşınını adi KamAZ-63501 yük avtomobili kimi maskalamağa imkan verəcək. Bu da açılma və döyüş tapşırıqlarının yerinə yetirilmə rayonuna hərəkət zamanı düşmən tərəfindən müşahidənin qarşısını almaq üçün heç də az rol oynamayacaq. Bütün konstruk-mühəndis işlərinin yerinə yetirilməsi nəticəsində təkmilləşdirilmiş 9K51 “Qrad” YARS-da müasir avadanlığın tətbiq edilməsi ilə döyüş maşınının heyətinin sayını ixtisar edərək 4 nəfərə çatdırmaq mümkündür. YARS heyəti azaldıqdan sonra isə onların daşınması da həm asanlaşacaq, həm də rahatlaşacaq. Döyüş maşınının heyəti bilavasitə artilleriya hissəsindəki oturacaqlarda deyil, hər iki avtomobilin kabinasında yerləşdirilərək, onların müxtəlif hava şəraitində qorunması təmin ediləcəkdir.
Konstruktor layihələndirilməsi zamanı bir daha dəqiqləşdirmələr aparılaraq təkmilləşdirilmiş BМ-21 döyüş maşınının tərkibi platformadan, lafetdən, yataq, hidravlik, elektrik, tuşlama və atəşə nəzarət və avtomatik idarəetmə sistemindən ibarət olacaq. Bunlardan başqa, YARS tərkibinə batareyanın atəşi idarəetmə postu (məntəqəsi), peyk naviqasiya sisteminə inteqrə edilmiş iti sürətli elektron-hesablama maşını (EHM – COMBAT NG5 tipli proqram yüklənmiş “noutbuk” tipli portativ taktiki kompyüter), naviqasiya sistemi (peyk naviqasiya sistemi – GPS/GLONASS), radiozond və radiopelenqatordan ibarət meteokəşfiyyat kompleksi (radioteodolit), müxtəlif növ reaktiv mərmilərlə atış aparmaq üçün əlavə bloklar, idarəetmə postu ilə döyüş maşını arasında avtomatik məlumat mübadiləsi üçün müasir rabitə vasitələri daxil edilməlidir.
Təkmilləşdirilmədən sonra batareyanın komanda məntəqəsində olan batareya səviyyəli atəşə nəzarət sistemi hədəfin ilkin məlumatlarını (koordinatları, xassələrini, tələb olunan effekti, döyüş tapşırığını) alacaqdır. Döyüş tapşırığının göstəriciləri rəqəmsal rejimdə və əllə batareyanın taktiki kompyüterinə daxil ediləcək, hədəf məlumatları işləniləcək və müvafiq olaraq məhvetmə üçün reaktiv mərminin növü və miqdarı, həmçinin tapşırığın yerinə yetirilməsi üçün döyüş maşını (bir və bir neçə maşın) kimi optimal göstəricilər təyin ediləcək.
Döyüş tapşırığı formalaşdırıldıqdan sonra məlumatlar rəqəmsal rejimdə döyüş maşınının taktiki kompyüterinə ötürüləcək və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunacaq reaktiv mərmilərin miqdarı, əsas istiqamətin azimut bucağı və qalxma (nişangah) bucağı, hədəfin koordinatları göstəriləcək. Döyüş maşınının taktiki kompyüterində hədəfin koordinatlarını daxil etməklə atış məlumatlarını avtonom hesablama imkanı nəzərdə tutulur. Alınmış məlumatlar əsasında döyüş maşınının atəşə nəzarət sistemi tələb olunan reaktiv mərmilərin miqdarını təyin edir, atışı aparır və nəticələr barədə məlumatı batareyanın qərargahına rəqəmsal rejimdə ötürür.
Təkmilləşdirmə nəticəsində döyüş maşını müvafiq avadanlığı işə salaraq əlavə quraşdırılmış GPS/GLONASS naviqasiya sistemi vasitəsilə öz yerini həm GPS, həm də GLONASS peyk sistemləri vasitəsilə təyin edə biləcəkdir. Atəşi idarəetmə vasitələrinin müasirləşdirilməsi atış dəqiqliyinin yüksəldilməsini, tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtın azaldılmasıni təmin edəcəkdir.
Təkmilləşdirmə aparıldıqdan və atəşi idarəetmə vasitələri kompleksi yeniləndikdən sonra 9K51 “Qrad” YARS döyüş maşınlarında tətbiq olunan reaktiv mərmilərin çeşidi 10-dan 23-ə qədər artacaq, bu isə öz növbəsində atış məsafəsinin 20,4 km-dən 40 km-ə qədər artırılmasına, müxtəlif təyinatlı reaktiv mərmilərin tətbiqinə və müxtəlif növ hədəflərin məhv edilməsinə şərait yaradacaq.
9K114 “Şturm-S” TƏİRK təkmilləşdirilməsi
Hazırda bir çox öncül müdafiə sənayesi müəssisələri yeni nəsil “atdın-unutdun” prinsipi ilə işləyən tank əleyhinə idarə olunan raket komplekslərinin (TƏİRK) inkişafı və istehsalı ilə məşğuldur. Bu sistemlər effektivlik, yüksək dəqiqlik və uzaq atış məsafəsi kimi müsbət xüsusiyyətlərlə yanaşı, baha qiymət kimi mənfi xüsusiyyətə də malikdirlər. Bu xüsusiyyət isə bir çox hallarda ölkələrin hərbi büdcəsində böyük maliyyə vəsaitinin nəzərdə tutulmasını tələb edir. Lakin, bununla yanaşı bir çox ordularda mövcud olan TƏİR komplekslərinin silahlanmadan çıxarılması deyil, əksinə onların təkmilləşdirilərək atış məsafəsinin və dəqiqliyinin artırılması, eləcə də sutkanın gündüz və qaranlıq vaxtlarında, istənilən iqlim şəratində istifadə imkanları tətbiq edilir. Bəzi ölkələrdə təkmilləşdirilən belə komplekslərdən biri də özünü müsbət cəhətdən sübut etmiş 9K114 “Şturm-S” TƏİR kompleksidir.
Azərbaycan Ordusunun silahlanmasında yer tutan 9K114 “Şturm-S” tank əleyhinə raket kompleksi düşmənin 400 metrdən 5000 metrə qədər məsafədə yerləşən hərəkətli və hərəkətsiz zirehli və kiçikölçülü yerüstü hədəfləri (uzunmüddətli atəş nöqtələri, uzunmüddətli maneə-atəş nöqtələri) ilə, həmçinin aşağısürətli alçaqdan uçan hava hədəfləri ilə mübarizə üçün təyin edilib. Hazırda Azərbaycan Ordusunda istismar olunan 9K114 “Şturm-S” tank əleyhinə raket kompleksinin Rusiyanın müasir “Şturm-SM” və “Şturm-SME” variantlarında təkmilləşdirilməsi məqsədəuyğundur. Bunu zəruri edən birinci amil odur ki, təkmilləşdirmədən sonra döyüş maşınlarının yeni 9M120 və 9M220 tank əleyhinə idarə olunan raketlər (TƏİR) tətbiq etməklə istifadəsi mümkün olacaq. Bununla da atəş məsafəsinin uzadılması və dəqiqliyinin artırılması əldə ediləcək. Təkmilləşdirməni zəruri edən digər amil isə 9K114 “Şturm-S” TƏİR kompleksinin bəzi ciddi çatışmazlıqlarıdır: optik sistemin zəif olması, yalnız gündüz atışını təmin etməsi və ya gecə vaxtı döyüş sahəsinin işıqlandırıcı mərmi və minalarla işıqlandırıldıqda hədəfə atış aparmağın mümkün olması; duman vaxtı və ya aerozol tüstü pərdələri tətbiq edildiyi zaman hədəfləri məhv etmək imkanları məhduddur; yalnız bir növ TƏİR tətbiqini təmin edir, döyüş yığımının barabanı raketləri ardıcıl olaraq verir, başqa növ TƏİR tətbiq olunmadığından atış zamanı raketin növünü dəyişdirmək mümkün deyil.
Rusiya müdafiə sənayesi müəssisələrinin həyata keçirdiyi təkmilləşdirmə zamanı növbəti əsas tədbirlər yerinə yetirilmişdir: 9S484 idarəetmə aparaturası TƏİR kompleksinin gecə və məhdud-mürəkkəb meteoroloji şəraitdə döyüş tətbiqini təmin edən yeni müşahidə-nişangah stansiyası ilə əvəz edilib; Tələb olunan növ döyüş başlıqlı raketin avtomatik seçilməsi üçün döyüş yığımı mexanizmi yenidən işlənilib; Döyüş maşınının aparatura blokları dəyişdirilib. Maşın komandirinin yerində bütün sistemlərin idarə olunması üçün zəruri avadanlıq və rabitə vasitələri quraşdırılıb. Baza maşınının ön hissəsində, maşın komandirinin qarşısında televiziya və teplovizual kanala malik nəzarət-nişangah sistemin tərkibinə daxil olan optik-elektron avadanlıq olan fırlanan blok yerləşdirilib. Optik-elektron avadanlıq hədəflərin axtarışı və raketlərin tuşlanması üçün təyin edilib və raketin ikili idarəetmə sisteminə (radiokomanda və lazer-şüa) malikdir. Bununla həm köhnə 9M114 “Kokon” tipli raketlərin, həm də yeni nəsil 9M120 “Ataka” tipli raketlərin buraxılması və idarə olunması təmin edilib. Bunun üçün 9S484 idarəetmə aparaturası Rusiya Federasiyasının istehsalı olan 9S4001 müşahidə-nişangah stansiyası ilə əvəz edilib.
Döyüş maşınının yük hissəsində raketlərlə işləmək üçün xüsusi avadanlıq quraşdırılıb. Avtomatika döyüş sursatlarını buraxma qurğusuna ötürmək və buraxma qurğusunu döyüş vəziyyətinə qaldırmaq üçün təyin edilib. Buraxma qurğusunda raketin nəqletmə-buraxma konteynerini bərkitmək üçün xüsusi yerlər nəzərdə tutulub. Döyüş sursatlarının ötürülməsi üçün nəqletmə-buraxma konteynerlərinin 12 yuvalı barabanı var. Barabanda kompleksdə tətbiq olunacaq bütün növ raketlərin yerləşməsi nəzərdə tutulub. Döyüş başlığını seçmə mexanizmi quraşdırıldıqdan sonra döyüş başlığının növünə görə seçilmiş raketlə buraxma qurğusunun doldurulması prosesi avtomatikləşdirilib.
Döyüş maşınında GPS/GLONASS peyk naviqasiya sistemi, həmçinin məlumatların səs və rəqəmsal şəkildə ötürülməsi üçün müasir tipli rabitə vasitələri tətbiq edilib. Yerinə yetirilmiş təkmilləşdirmə nəticəsində kompleksin taktiki-texniki xassələri yüksəlib, onun sutkanın istənilən vaxtında döyüş işi təmin edilib, hədəfin növündən asılı olaraq döyüş yığımından lazım olan döyüş başlıqlı raketin seçilməsi tapşırığı həll olunub. Kompleksdə tətbiq edilən TƏİR çeşidi 1-dən 9-a qədər artıb.
9K114 “Şturm-S” tank əleyhinə raket komplekslərinin təkmilləşdirilməsi həyata keçiriləcəyi təqdirdə, Azərbaycan Ordusunun silahlanmada olan kompleksləri növbəti üstünlüklər əldə edəcəklər: teplovizual kanaldan istifadə etməklə bütün sutka ərzində və müxtəlif meteoroloji şəraitdə tətbiqi mümkündür; maksimal atış məsafəsi 6000 metrə qədər artacaq; matrisalı pelenqator və lazer məsafəölçmə sistemi tətbiq edilməklə raketin koordinatlarının təyin edilməsinin dəqiqliyinin yüksəldilməsi, videogörüntünün işlənilməsi və yaxşılaşdırılması sisteminin, yüksək effektivli döyüş başlığının tətbiqi hesabına məhvetmə ehtimalı artacaq; kompleksin qoşunlarda həyat dövrü və xidmət müddəti artacaq.
Məlumat üçün qeyd edək ki, Rusiya Federasiyasında 9K114 “Şturm-S” TƏİR kompleksi təkmilləşdirilərək 9K132 “Şturm-SM” markası ilə silahlanmaya daxil edilib və hazırda 9K132 “Şturm-SME” markası ilə ixrac üçün təklif olunur.
120 mm-lik 2S9 “Nona-S” ÖAQ təkmilləşdirilməsi
120 mm çaplı 2S9 “Nona-S” yüngül aviadesant özüyeriyən artilleriya qurğusu həm minaatan kimi asma atəş vasitəsilə, həm də artilleriya topu kimi tətbiq olunaraq düşmənin canlı qüvvəsinin və atəş vasitələrinin məhv edilməsi və səhra müdafiə tikililərinin dağıdılması üçün təyin edilib. 120 mm-lik 2С9 “Nona-S” ÖAQ müasir variantda təkmilləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun hesab edilir.
Rusiya Federasiyasında 120 mm-lik 2S9 “Nona-S” və 2S9-1 “Sviristelka” ÖAQ-lar təkmilləşdirilərək 2006-cı ildə 120 mm-lik 2S9-1M “Nona-SM” markası ilə silahlanmaya daxil edilib.
Həmçinin, Özbəkistan müdafiə sənayesi müəssisələri ölkənin Müdafiə Nazirliyinin sifarişi əsasında 2S9 “Nona-S” ÖAQ-ın BTR-60 bazasında təkmilləşdirilmiş variantını hazırlayıb. SSRİ süqut etdikdən sonra, Özbəkistan ərazisində 50-dən artıq 2S9 “Nona-S” ÖAQ qalıb. Hal-hazırda, göründüyü kimi, bu tırtıllı bazalı artilleriya qurğularının bir hissəsinin daha sadə idarə olunan təkərli BTR-60
zirehli transportyorunun şassisinə köçürülməsi barədə qərar qəbul edilib. Təkmilləşdirmə zamanı BTR-60 zirehli transportyorunun iki benzin mühərriki əvəzinə bir dizel mühərriki quraşdırılıb. Nəticədə resurs, səmərəlilik və şossedə maksimal hərəkət sürəti saatda 80 km-ə qədər artırılmışdır. Eləcə də hərəkətdə olarkən açılan atəşlə hədəflərin məhv olma sürəti də artırılıb.
Azərbaycan Ordusunun 2S9 “Nona-S” ÖAQ təkmilləşdirilməsi zamanı ilk olaraq onun tırtıllı BTR-D bazası təkərli BTR-70 və ya BTR-80 zirehli transportyoruna dəyişdirilməli, artilleriya hissəsinin 120 mm-lik 2А51 topu isə əsaslı təmir olunmalıdır. Daha sonra 120 mm-lik 2S9 “Nona-S” qurğusu 120 mm 2S31 “Venа” ÖAQ-da olduğu kimi atəş üçün zəruri hesabatları hesablayan elektron-hesablama maşınından (top hesablama kompleksindən) ibarət şaquli və üfiqi müstəvilərdə tuşlamanı avtomatik idarəetmə sistemi (panorama, düzünə tuşlama nişangahı və bucaqölçmə mexanizmindən ibarət avtomatik nişangah kompleksi), avtomatik topobəndləmə və GPS/GLONASS naviqasiya sistemi, atışın yüksək dəqiqliyini təmin edən gündüz və gecə kəşfiyyat və hədəfgöstərmə optik-elektron sistemi təchiz edilir. Hədəfgöstərmə sistemi lazer hədəfgöstərici-məsafəölçəndən, kombinələşdirilmiş teplovizual (termal) və gecə müşahidə cihazından ibarət olmaqla qüllədə yerləşdirilir.
Təkmilləşdirmədən sonra 2S9 “Nona-S” qurğusunun taktiki-texniki xassələri yüksələcək, onun sutkanın istənilən vaxtında döyüş işi təmin olunacaq, onlar növbəti üstünlükləri əldə edəcəklər: kombinələşdirilmiş teplovizual (termal) və gecə müşahidə cihazından istifadə etməklə bütün sutka ərzində və müxtəlif meteoroloji şəraitdə tətbiqi mümkün olacaq; lazer hədəfgöstərici-məsafəölçənli hədəfgöstərmə sistemi və GPS/GLONASS naviqasiya sistemi tətbiq edilməklə hədəfin koordinatlarının təyin edilməsinin dəqiqliyinin yüksəldilməsi, videogörüntünün işlənilməsi və yaxşılaşdırılması sisteminin tətbiqi hesabına az sursat istifadə etməklə məhvetmə ehtimalı artacaq; qurğunun qoşunlarda həyat dövrü və xidmət müddəti artacaq.
Yekun olaraq qeyd etmək olar ki, yeni silah nümunəsinin hazırlanması təxminən 5-10 illik uzun müddəti əhatə edir və böyük maliyyə xərcləri tələb edir. Xüsusilə artilleriya silahları üçün iqtisadi baxımdan daha qısamüddətli və daha səmərəli olanı silahlanmadakı nümunələrin təkmilləşdirilməsi prosesidir. Bu, məmulatların funksional və istismar xüsusiyyətlərini, habelə və görünüşünü yaxşılaşdırmağın, istismar etibarlılığını artırmağın yollarından biri olmaqla konstruksiyada əsaslı dəyişikliklər etmədən fərdi komponentlərin dəyişdirilməsindən ibarətdir. Artilleriya sistemlərinin təkmilləşdirilməsi isə öz növbəsində Azərbaycan Ordusunun döyüş potensialını artıraraq onu Cənubi Qafqazın güclü ordusu etməklə regionda söz sahibi olmasına xidmət edəcəkdir. PQ
Əhəd Əzizov