Murat İkinci: “Roketsan” Azərbaycanla əlavə satınalmalara dair danışıqlar aparır

Murat İkinci: “Roketsan” Azərbaycanla əlavə satınalmalara dair danışıqlar aparır

Türkiyənin raket və idarə olunan mərmi texnologiyaları mərkəzi sayılan “Roketsan” şirkəti 2021-də özünün bir çox yeniliklərini ilk dəfə ictimaiyyətə təqdim etdi.

Bunu POLİQON jurnalına müsahibəsində “Roketsan” şirkətinin baş direktoru Murat İkinci deyib.

2021-ci ildə nümayiş etdirdikləri yeni silah sistemləri, final mərhələsinə çatan layihələri, ixracat potensialı və hədəfləri barədə məlumat verən Murat İkinci müsahibəsində Azərbaycan müdafiə sənayesinin yeni mərhələyə qədəm qoymasında “Roketsan”ın rolu və iştirakından da danışıb.

Baş direktor bildirib ki, Türkiyənin gələcəyi üçün orijinal, etibarlı və çığır açan raket və raket həllərinin lideri olma visionu ilə fəaliyyətini davam etdirən “Roketsan” olaraq, 2021-ci ildə İstanbulda  keçirilmiş IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hər biri Türk mühəndislərinin imzasını daşıyan yeni məhsulları ilə qatılıblar.

“IDEF-2021 sərgisində stendimizi ziyarət edən iştirakçılar 10 yeni məhsulumuzu ilk dəfə görmək imkanı əldə etdilər. Bu məhsullarımız: MK-82 ümumi məqsədli bombanın hədəfinə çatmasını təmin edən LAÇİN tuşlama dəsti, Mini Ağıllı Sursat ailənin son üzvü MAM-T, SUNGUR aşağı yüksəklik hava hücumundan müdafiə silah sistemi, Türkiyənin ilk milli ağır sinif torpedası AKYA, 324 millimetrlik ORKA torpedası, pandemiya dövründə 3 ay ərzində 122 millimetr və 230 millimetrlik raketlərə lazer tuşlamalı başlıqlar əlavə edilərək hazırlanan TRLG-122 və TRLG-230 raketləri, LEVENT yaxın hava hücumundan müdafiə sistemi və yeni nəsil 40 millimetrlik qumbaraatanlardan istifadə etməklə atıla bilən METE lazer tuşlamalı mini raket sistemidir. Bunlara əlavə olaraq, ATMACA gəmi əleyhinə raketindən əldə etdiyimiz təcrübə ilə inkişaf etdirdiyimiz və Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə müqaviləsini imzaladığımız “Qara ATMACA” qanadlı raketini də ilk dəfə təqdim etdik.

Hər biri öz “Ar-Ge” çalışmalarımız nəticəsində hazırlanan bu məhsullar, IDEF-2021-in yerli və xarici iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. 3500-dən çox işçisi olan Türkiyənin ən böyük texnoloji ordusu olmağı hədəfləyən “Roketsan”, 1800-dən çox mühəndis və öz sərmayəsi ilə maliyyələşdirilən “Ar-Ge” çalışmalarıyla orijinal dizayn və məhsulları inkişaf etdirməyə davam edəcək”, – deyə baş direktor Murat İkinci vurğulayıb.

“Roketsan” şirkətinin 2021-ci ildə son mərhələyə qədəm qoyan layihələri barədə məlumat verən Murat İkinci bildirib ki, 2021-ci il hal-hazırda həyata keçirdiyikləri müxtəlif layihələrə aid dizayn və inkişaf fəaliyyətləri intensiv şəkildə davam edərkən, bir çox məhsullarını da Türkiyə Silahlı Qüvvələrinin inventarına əlavə etdikləri bir il oldu.

“Gündəliyimizə baxdıqda, çox yaxın bir zamanda Mini Ağıllı Sursat ailəmizin son üzvü olan və daha yüksək döyüş başlığı effektivliyi və daha uzun məsafə ehtiyacını qarşılamaq məqsədilə hazırladığımız MAM-T sursatını təhvil verəcəyik. Uğurlarını sahədə sübut edən MAM-L və MAM-C ağıllı sursatların, inventarına daxil olduqları ölkənin hava zərbəsi gücünə üstün bir töhfə verdiyinə bütün dünya şahid oldu. MAM-T sursatı da həm Türkiyə Silahlı Qüvvələrinin, həm də dost və müttəfiq ölkələrin inventarına girən kimi əhəmiyyətli bir zərbə qüvvəsi olacaq.

ATMACA gəmi əleyhinə raketimiz son atəş sınağını uğurla tamamladı. 220 kilometrdən çox məsafəyə sahib olan ATMACA, görmə xəttindən uzaqda olan hədəflər üçün də böyük bir təhdid yaradır. “Roketsan” mühəndislərinin möhtəşəm bir nümunəsi olan bu raketi də 2021-ci ilin ikinci yarısında Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verildi. Türkiyənin ilk milli ağır sinif torpedası olacaq AKYA üçün işlərimiz planlaşdırılan cədvələ uyğun olaraq uğurla davam edir.

Sualtı qayıqlardan, müxtəlif suüstü hədəflərə və sualtı qayıqlara qarşı atılan və tamamilə milli imkanlarla inkişaf etdirilən AKYA ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı platformalara olan əhəmiyyətli bir ehtiyacı milli qaynaqlarla qarşılanacaq. 2021-ci ildə Türkiyə HDQ tərəfindən AKYA təlim torpedasının atışı keçirilib, digər döyüş torpedalarının tədarükü 2022-ci ildə həyata keçiriləcək.

Bunlardan başqa bir çox layihələrimiz quru, hava, dəniz və kosmos sahələrində uğurla davam edir. Bəzi məhsullarımız inkişaf, bəzi məhsullarımız sınaq və bəzi məhsullarımız da seriyalı istehsal mərhələsindədir. 2021-ci il “Roketsan” üçün uzun müddət çalışdığı layihənin bir məhsul halına gətirdiyi, uğurla uyğunlaşdırdığı və Türkiyə Silahlı Qüvvələr inventarına əlavə etdiyi müvəffəqiyyətlə dolu bir il oldu”, – deyə “Roketsan” şirkətinin baş direktoru vurğulayıb.

Murat İkinci bildirib ki, “Roketsan” yalnız müdafiə sənayesində deyil, həm də kosmik sahədə əhəmiyyətli irəliləyişlər əldə edib. Türkiyə Prezidentinin açıqladığı Milli Kosmik Proqramında “Roketsan”ın vəzifəsi haqqında məlumat verən şirkət direktoru qeyd edib ki, Türkiyə Prezidentinin visionları və Müdafiə Sənayesi Başkanlığının rəhbərliyi altında, Türkiyənin kosmosa müstəqil çıxışı üçün aldığı qərara uyğun olaraq, 2012-ci ildə Müdafiə Sənayesi İcraiyyə Komitəsində alınan qərar əsasında çalışmalar başladılıb və Türkiyəni kosmos liqasına daşımaq vəzifəsi “Roketsan”a verilib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü il visionları və Müdafiə Sənayesi Başkanlığımızın rəhbərliyi altında həyata keçirdiyimiz bu işlərdə, milli texnologiya ilə kosmosa buraxılan ilk yerli sonda raketləriylə 2018-ci ildə 130 kilometr, 2020 -ci ildə isə 136 kilometr yüksəkliyə çataraq, kosmosun sərhədi olaraq qəbul edilən 100 km xəttini aşdıq. Bu bizim üçün əhəmiyyətli bir dönüş nöqtəsidir. Çünki bunun sayəsində maye yanacaqlı raket mühərriklərinin inkişafı istiqamətində əhəmiyyətli bir addım atdıq və ölkəmizin kosmosda elmi araşdırmalarına başlanıldı.  Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2020-ci avqust ayının 30-da açılışı olan Peyk Buraxma Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzində (USİTAM), aralarında Mikro Peyk Buraxma Sistemi (MUFS) də daxil olmaqla bir çox yeni və yüksək texnologiyalı sistem və alt sistemlərin inkişafı davam edir. Burada həyata keçirilən layihələrin həcmi 9 milyard TL-dən çoxdur.

Mikro Peyk Buraxma Sistemi Layihəmiz çərçivəsində apardığımız araşdırmalar nəticəsində son hədəfimiz 100 kiloqramlıq bir peyki 400 kilometrdə orbitə çıxarmaqdır. Bunu etdikdə kosmosa öz peykini göndərə biləcək bir ölkəyə çevriləcəyik. Əlbəttə ki, bütün bunlarla birlikdə, dərin kosmos və kosmik kəşflər mərhələsi olan, dünyadan kənar planetlərə çıxış, kosmik mədənçilik kimi bir çox inkişaf edən sahələrdə söz sahibi olmaq üçün əhəmiyyətli bir addım atacağıq. Roketsan olaraq, yerli və milli texnologiyalarımızla kosmik liqanın kritik oyunçularından biri olmaq və millətimizin və insanlığımızın gələcəyinə işıq salmaq istəyirik. Prezidentimizin elan etdiyi Milli Kosmos Proqramının visionunda, üzərimizə düşə biləcək hər hansı bir işi səbirsizliklə gözləyirik”, – deyə Murat İkinci vurğulayıb.

Bu gün Azərbaycan müdafiə sənayesinin qurulmasında “Roketsan”ın yerini və iştirakını yüksək qiymətləndirən Murat İkinci bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin inventarında “Roketsan” tərəfindən hazırlanmış və istehsal olunan raket və raket sistemləri yer alır: “Azərbaycanın inventarındakı silahlı pilotsuz uçuş aparatlarının (PUA) üzərindəki məhsullarımızın və raket sistemlərimizin Azərbaycandakı qardaşlarımıza əhəmiyyətli üstünlüklər verdiyindən qürur duyuruq. Bu məhsulların bir çoxu Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüş meydanında istifadə edilərək uğurlarını sübut etdi.

Son vaxtlardakı inkişaflarla birlikdə, Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan “Roketsan” məhsullarının yenilənməsi, logistika ehtiyaclarının ödənilməsi və əlavə satınalmalar üçün danışıqlarımız davam edir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinə və müdafiə sənayesinə lazımi dəstəyi verməyə və onlarla əməkdaşlıq etməyə həmişə hazırıq”.

Zaur Babaşov

CATEGORIES
TAGS