Murat İkinci: Yeni sursatlarımız Azərbaycan Ordusunun dəqiq nişanalma əməliyyat qabiliyyətini artırır – MÜSAHİBƏ
Dünyanın ən böyük müdafiə sənayesi şirkətləri arasında önə çıxan Türkiyənin “Roketsan” şirkəti, sistem mühəndisliyi anlayışını davam etdirərək raket, idarə olunan döyüş sursatları və silah sistemlərini dizayn edir, inkişaf etdirir və istehsal edərək quru, hava və dəniz platformalarına inteqrasiya edir.
Bundan başqa, “Roketsan” şirkəti raket buraxma qurğuları, müştəri tələblərinə görə müəyyən edilmiş xüsusi sistemlər, tuşlama-nəzarət sistemləri, sövq sistemləri və müxtəlif döyüş başlıqları istehsal edir. Bunlarla yanaşı, kosmik sövq sistemləri və texnologiyalarını inkişaf etdirən “Roketsan”, Türkiyənin Peyk Buraxma Mərkəzinin qurulmasına da cavabdehdir.
“Roketsan” şirkətinin baş direktoru Murat İkinci “Poliqon” hərbi-kosmik texnoloji jurnalına müsahibəsində rəhbərlik etdiyi şirkət tərəfindən həyata keçirilən yeni layihələr, ADEX-2024 sərgisində nümayiş etdirdiyi məhsullar və gələcək perspektivlərindən danışıb.
POLİQON: Murat bəy, rəhbərlik etdiyiniz “Roketsan” şirkətinin müdafiə sahəsində müasir texnologiyalı silahlardan tutmuş kosmik sənayeyə qədər geniş istehsal çeşidləri var. “Roketsan”ın həyata keçirdiyi yeni layihələr haqqında nələri deyə bilərsiniz?
Murat İkinci: 1988-ci il 14 iyun tarixində qurulan və bu gün 36 illik “nəhəng bir çinar” olan şirkətimiz 5 mindən çox təcrübəli heyəti ilə hava, quru, dəniz və kosmos sistemlərində yenilikçi texnologiyalar yaradır. Dənizlərin altından kosmosun dərinliklərinə qədər inkişaf etdirdiyimiz raket və sursat həllərimizlə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını tam ödəməklə yanaşı, Avropadan Asiyaya, Afrikadan Amerikaya qədər dünyanın bir çox bölgəsindəki dost və müttəfiq ölkələrin müdafiəsini gücləndiririk.
Müasir silahlı qüvvələrin ehtiyac duya biləcəyi hər cür raket və sursat sistemlərini ən yüksək keyfiyyətdə layihələndirmək, inkişaf etdirmək və istehsal etməklə yanaşı, müxtəlif şərtlər altında ərazi sınaqlarını həyata keçirir, istifadəçi tələblərinə uyğun döyüş başlığı və platforma inteqrasiyasını təmin edirik.
Dövriyyəmizin əhəmiyyətli bir hissəsini ayırdığımız tədqiqat-inkişaf sərmayələrimizlə müasir müəssisələrimizdə inkişaf etdirdiyimiz məhsullar qiymət göstəriciləri ilə dünyadakı rəqiblərindən seçilirək bir çox ordunun inventarında aktiv şəkildə istifadə edilir.
Bu məhsullara nümunə olaraq Azərbaycanın şanlı Qarabağ Zəfəri zamanı əməliyyat meydanında böyük uğurlar nümayiş etdirən və bu gün bir çox ordunun inventarındakı “Bayraktar TB2” PUA-ların zərbə gücünü təşkil edən “Roketsan” olaraq istehsal etdiyimiz Mini Ağıllı Sursat (MAM) ailəmizi göstərmək olar. MAM-C, MAM-L və MAM-T-dən ibarət Mini Ağıllı Sursatlarımızı “Baykar”ın “Bayraktar TB2” PUA-ları ilə birlikdə dünyanın bir çox yerinə ixrac etməyə davam edirik. Bu məşhur məhsullarımızı digər bir tərəfdən də yeni xüsusiyyətlərlə inkişaf etdirməyə davam edirik. Xüsusilə MAM-L və MAM-T-yə əlavə etdiyimiz IIR (Imaging Infrared – infraqırmızı görüntüləmə) tuşlama qabiliyyəti ilə bu məhsullarımıza dəqiq atış bacarığı qazandırırıq. IIR tuşlamalı Mini Ağıllı Sursatlarımız sınaq atışlarında göstərdiyi üstün uğurlarla ordular üçün əvəzolunmaz olacaqlarını indidən sübut edir.
“Bayraktar AKINCI” PUA-ya inteqrasiya etdiyimiz İHA-122 və İHA-230 “hava-yer” tipli səsdən sürətli ballistik raketlərimiz isə istifadəçiyə düşmən mövqelərinin dərinliklərinə girmədən kritik tapşırıqları uğurla yerinə yetirməyə imkan verir.
Yeni məhsullarımızdan biri olan və 280 kilometr mənzilə sahib “Kara Atmaca” “yer-yer” tipli qanadlı raket silah sistemi də taktiki təkərli yük maşınından buraxıla bilən, strateji quru hədəflərinə qarşı istifadə edilməsi planlaşdırılan və qarıştırmaya qarşı dayanıqlı olan qanadlı raket kimi ön plana çıxır.
Bundan əlavə, HİSAR hava hücumundan müdafiə raketlərimizi RF arayıcı başlıqlarla təkmilləşdirir və sınaq fəaliyyətlərini uğurla həyata keçiririk. HİSAR ailəmizi istənilən hava təhdidinə qarşı effektiv vəziyyətə gətirmək üçün yerinə yetirdiyimiz fəaliyyətlərlə ölkəmizin laylı hava hücumundan müdafiəsini qurmağa çalışırıq.
MK-81 və MK-82 ümumi məqsədli bombalarının vurma qabiliyyətini artıran yüksək dəqiqlikli TEBER tuşlama dəstimiz və MK-82 ümumi məqsədli bombalar üçün inkişaf etdirdiyimiz infraqırmızı arayıcı başlıq və taktiki məlumat bağlantısına sahib LAÇİN tuşlama dəstimiz də müasir orduların əvəzedilməzi olaraq missiyalara hazırdır.
Digər tərəfdən, tank əleyhinə sistemlərlə bağlı, KARAOK qısa mənzilli tank əleyhinə silah sistemi, CİRİT lazer tuşlamalı raketi, OMTAS orta mənzilli tank əleyhinə silah sistemi və UMTAS uzun mənzilli tank əleyhinə raket sistemi məhsullarımızı da inkişaf etdirməyə və həyata keçirdiyimiz sınaq atışları ilə uğurlarını sübut etməyə davam edirik.
Yeni inkişaf etdirərək sınaq fəaliyyətlərini uğurla həyata keçirdiyimiz və kütləvi istehsalına başladığımız TAYFUN raketimizlə yanaşı, BORA, TRG-122 və TRG-300 kimi üstün vurma qabiliyyətinə malik raketlərimiz illərdir inventarda xidmət göstərməyə davam edir. Bu raketlərimizi də yeni xüsusiyyətlərlə inkişaf etdiririk. Lazerlə idarə olunan TRLG-122 və TRLG-300 raketlərimizlə müştərilərimizə dəqiq məhvetmə qabiliyyəti qazandırırıq.
Yuxarıda qeyd etdiklərimdən qat-qat artıq olan geniş məhsul çeşidimizlə Asiyadan Amerikaya, Avropadan Afrikaya qədər bir çox ölkənin inventarında yer alaraq onların müdafiəsini gücləndirməyə davam edirik. Türkiyəmizin dost və qardaş ölkəsi olan Azərbaycanın inventarında da bir çox məhsulumuzun uğurla xidmət etməsindən çox şadıq.
POLİQON: “Roketsan” şirkətinin ADEX-2024 sərgisində nümayiş etdirdiyi yeni məhsullar haqqında oxucularımıza məlumat verməyinizi istərdik. Təqdim etdiyiniz yeni silahların xüsusiyyətləri, mövcud olanlardan fərqi və rəqabət üstünlükləri nələrdir?
Murat İkinci: ADEX-2024 sərgisində geniş məhsul çeşidimiz və güclü heyətimizlə iştirak edirik. PUA-ların zərbə gücü olan Mini Ağıllı Sursat ailəmizin üzvləri MAM-L, MAM-T və MAM-T IIR-dən əlavə, İHA-122 və İHA-230 “hava-yer” tipli səsdən sürətli ballistik raketlərimizi ADEX-2024-də təqdim edirik. Tank əleyhinə sistemlərimizdən isə KARAOK qısa mənzilli tank əleyhinə silah sistemi, CİRİT lazer tuşlamalı raketi, OMTAS orta mənzilli tank əleyhinə silah sistemi və UMTAS-GM artırılmış məsafəyə sahib uzun mənzilli tank əleyhinə raket sistemimizi stendimizdə nümayiş etdiririk. Bunlardan başqa, SUNGUR hava hücumundan müdafiə raket sistemimiz, TEBER və LAÇİN tuşlama dəstlərimiz, ÇAKIR qanadlı raketimiz, ATMACA gəmi əleyhinə raketimiz, SOM stand-off sursatımız, TRG-122, TRG-300 və TRLG-230 raketlərimiz də ADEX-2024-də iştirakçılara təqdim etdiyimiz məhsullar sırasında yer alır.
BARBAROS sahil mühafizı sistemimiz, ALKA istiqamətləndirilmiş enerji silah sistemimiz, “Burç” mobil hava hücumundan müdafiə sistemimiz, KMC-U taktiki raket buraxma sistemimiz və METE lazerlə idarəolunan mini raket sistemimizi də Azərbaycanda sərgiləyərək dostlarımıza təqdim etməyi hədəfləyirik.
Hər biri atış sınaqlarında üstün müvəffəqiyyət nümayiş etdirən və öz uğurlarını əməliyyat meydanında sübut edən bu məhsullarımız həm qiymət göstəriciləri, həm də keyfiyyətləri ilə dünyadakı rəqiblərindən seçilir. “Roketsan” olaraq təklif etdiyimiz texniki və ərazi dəstəklərimizlə satışdan sonra da istifadəçilərin yanında olur, məhsullarımızın uğuru üçün bütün lazımi imkanları təmin edirik.
POLİQON: Murat bəy, mümkünsə bir az da “Roketsan”ın ixrac hədəfləri barəsində danışaq. “Roketsan”ın yeni məhsullarının ixrac potensialı haqqında nə deyə bilərsiniz?
Murat İkinci: “Roketsan” olaraq göstərdiyimiz üstün nailiyyətlərimiz və ixracatlarımızla dünyanın ən böyük 100 müdafiə və aerokosmik sənaye şirkəti arasında yer alırıq. İllərdir olduğumuz “Defense News Top 100” siyahısının 2024-cü il sıralamasında da 2023-cü ilə nisbətən 9 pillə irəliləyərək 71-ci yeri tutmaqdan qürur duyuruq. Digər tərəfdən, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hazırladığı qlobal miqyasda ən sürətlə böyüyən müdafiə sənayesi şirkətləri siyahısında 11-ci, yenə SIPRI-nın hazırladığı müdafiə sənayesi şirkətlərinin böyüklük sıralamasında isə ilk yüzdə yer alaraq uğurumuzu bütün dünyaya sübut etdik. Bu nailiyyətlərimizi daha yüksəklərə daşımaq üçün səylərimizi davam etdiririk.
2023-cü ildə Türkiyənin ən çox ixracat edən 50 sənaye müəssisəsi arasında yerimizi alırkən, dost və müttəfiq ölkələrə ixracatımızı 2024-cü ildə də artan xətt ilə davam etdiririk. Amerikadan Asiyaya, Avropadan Afrikaya ixracatlar həyata keçirən bir şirkət olaraq dünyanın müxtəlif coğrafiyalarında baş tutan bir çox beynəlxalq sərgidə də öz yerimizi alaraq, məhsullarımızı tanıtmağa və brend imicimizi gücləndirməyə davam edirik.
Azərbaycanın şanlı Qarabağ Zəfəri də daxil olmaqla əməliyyat meydanında uğurunu dəfələrlə sübut etmiş məhsullarımızla dost və müttəfiq ölkələrin müdafiəsini gücləndirmək üçün yeni ixracatlara imza atmağa davam edəcəyik.
POLİQON: Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərini ziyarət edərkən “Akıncı” hücum PUA-nın silahlanmasında “Roketsan” istehsalı sursat, bomba və raketlərin yer aldığının şahidi olduq. Bilmək istərdik ki, məhsul ixracı ilə yanaşı texnologiya transferi də nəzərdə tutulurmu?
Murat İkinci: Əvvəlcə bildirmək istəyirəm ki, raket sistemlərimizlə Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verməkdən böyük şərəf və qürur duyuruq.
Sualınızda qeyd etdiyiniz kimi, həm “Bayraktar AKINCI”, həm də “Bayraktar TB2” PUA-ları əməliyyat meydanında özünü doğruldub və onları yeni xüsusiyyətlər qazandırdığımız ağıllı sursatlarımızla təchiz edirik. Bu sursatlarımızla qardaş ölkəmiz olan Azərbaycan Silahlı Qüvvələrinin dəqiq nişanalma əməliyyat qabiliyyətinin artırılmasına töhfə verməyə davam edirik.
İxrac fəaliyyətlərimizlə birlikdə, “Roketsan” olaraq Azərbaycanın müdafiə sənayesi infrastrukturunun inkişafında da rol almağa başladıq. Bu çərçivədə müxtəlif məhsullarımızın Azərbaycanda istehsal olunması və mühüm texnoloji bacarıqların Azərbaycana qazandırılması üçün səylərimizi davam etdiririk. Ümid edirik ki, bu addımlarımızla çox qısa müddət ərzində Azərbaycanla olan güclü əməkdaşlığımızı daha yüksək səviyyələrə çıxararaq yeni hədəflərə doğru birgə addımlar atmağa davam edəcəyik.
POLİQON: Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyən edilib. “Roketsan” bu istiqamətdə hansı addımları atmağı planlaşdırır?
Murat İkinci: Bu yol xəritəsi sayəsində Azərbaycan müdafiə sənayesinə qazandırılacaq bacarıqlara dəstək olmaq və müxtəlif məhsullarımız üçün birgə layihələr həyata keçirmək istəyirik. Bu prosesin başlanması üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə lazımi addımları atırıq.
“Roketsan” olaraq dünən olduğu kimi, bu gün də, sabah da yüksək texnologiyalı məhsullarımızla Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə və Azərbaycan müdafiə sənayesinə güc qatmağa davam edəcəyik. Bir daha vurğulamaq istərdim ki, Türkiyə və “Roketsan” olaraq Azərbaycana hər cür imkan və dəstəyi verməyə davam edəcəyik.
Zaur Babaşov