Murovdağdan başlayaraq Şuşayadək döyüş yolu keçmiş qazi Elşən Məmmədov
Mayor Elşən Məmmədovla ilk dəfə 2008-ci ildə Daxili Qoşunların Mətbuat xidmətinin müxbiri kimi qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidməti ezamiyyətdə olduğum vaxt tanış olmuşduq. Məqalə hazırlamaq məqsədilə yüksək döyüş hazırlığı və intizamı ilə fərqlənən nümunəvi hərbi qulluqçular barədə məlumat toplamaq üçün müraciət etdiyimdə, hərbi hissə komandiri: “Yazmaq istədiyin nümunəvi hərbi qulluqçu bax budur” – deyə, o zaman “kapitan” hərbi rütbəsində qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində xidmət edən Elşəni mənə təqdim etmişdi.
“Poliqon”un məlumatına görə, bu fikirlər DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun mayor Məmmədov Elşənin həyat və keçdiyi şərəfli döyüş yolundan bəhs edən “İkinci dəfə Şuşa ətrafında, doğum günümdə yaralandım…” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
“Əsgər” qəzetinin 19 avqust 2008-ci il tarixli sayında onun barəsində dərc olunan “Yüksək döyüş hazırlığının qazanılmasında fiziki güc mühüm rol oynayır” başlıqlı məqaləni yenidən gözdən keçirdim. Hələ o zaman ən böyük arzusu barədə soruşduğumda, müsahibim erməni qəsbkarlarının işğalına məruz qalmış torpaqlarımızın tezliklə azad edilməsi olduğunu bildirmiş və sanki nə zamansa “Dəmir yumruq” əməliyyatında iştirak edəcəyini hiss edirmiş kimi: “Qələbə naminə hamılıqla birlik nümayiş etdirməli, zərbəni bir istiqamətə vurmağı bacarmalıyıq” – cavabını vermişdi…
Onun barəsində növbəti dəfə məqalə hazırlamaq üçün nə az, nə çox, düz 12 ildən sonra Daxili Qoşunların Hərbi Qospitalında görüşməli olduq. Lakin bu dəfə mayor Elşən Məmmədovdan müsahibəni ən böyük arzusuna çatmış Vətən müharibəsinin qalib iştirakçısı, iki dəfə – Cəbrayıl və Şuşa istiqamətlərində yaralanmış cəsur silahdaşımız kimi aldım.
Mayor Elşən Məmmədov 1973-cü il noyabrın 5-də Bakı şəhərində anadan olub. Orta təhsilini Nəsimi rayonundakı 28 saylı tam orta məktəbdə alıb. Sərbəst güləş Elşənin ən çox sevdiyi idman növü olub. Hələ 10 yaşından sərbəst güləşlə məşğul olduğundan, iştirak etdiyi bir çox yarışda, o cümlədən, beynəlxalq turnirlərdə dəfələrlə qələbələrə imza atıb, “İdman ustası” fəxri adını qazanıb. İdmana olan böyük marağı səbəbindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) “Bədən tərbiyəsi və idman” ixtisası üzrə ali təhsil alıb. Müddətli həqiqi hərbi xidmətini 1991-1995-ci illərdə Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində keçib. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak edib. 1995-ci ilin yanvar ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirən silahdaşımız 2013-cü ilin aprel ayınadək qoşunların bir sıra hərbi hissələrində, Tədris Mərkəzində (hazırda Ali Hərbi Məktəb), eləcə də Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib. Yüksək döyüş hazırlığı və hərbi intizamı ilə hər zaman böyük rəislərin etimadını doğruldub, birgə xidmət etdiyi kollektivin hörmətini qazanıb. Nümunəvi və qüsursuz xidmətilə fərqlənən zabitimiz “Hərbi xidmətlərə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları, həmçinin, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalları ilə, eləcə də Daxili Qoşunlar və hərbi hissə komandanlığı tərəfindən dəfələrlə bir sıra mükafatlarla təltif edilib.
2013-cü ilin aprel ayından Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissənin “Bəbir” şərti adı verilmiş xüsusi təyinatlı dəstəsində dəstə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində xidmətini davam etdirən mayor E.Məmmədov cəsur xüsusi təyinatlılarımızın mənəvi-psixoloji durumunun, o cümlədən, hərbi vətənpərvərlik tərbiyəsinin və döyüş ruhunun yüksəldilməsinə öz layiqli töhfəsini verib. Məhz bu dəstənin zabiti kimi 44 gün davam edən Vətən müharibəsində Murovdağdan başlayaraq Şuşayadək şanlı döyüş yolu keçib, tabeliyində vuruşan silahdaşları ilə birgə düşmənin canlı qüvvə və hərbi texnikasının məhv edilməsində cəsurluq göstərib.
Müharibə xatirələrini bizimlə bölüşən mayor E.Məmmədov iki dəfə yaralanmasına baxmayaraq, bu gün də Vətən uğrunda döyüşməyə və onun yolunda canından belə keçməyə hazır olduğunu dedi: “Dəstəmiz sentyabrın 27-dən döyüş əməliyyatlarında iştirak edib. Vətən müharibəsi zamanı dəstəmizin bütün şəxsi heyəti dəstə komandiri mayor Şixamir Qaflanovun rəhbərliyi altında, mən isə rütbəmə uyğun vəzifə olmadığından Müdafiə Nazirliyinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsinin tərkibində, xüsusi təyinatlılarla birgə döyüş əməliyyatlarında iştirak etməli oldum. Burada xüsusi silahlar dəstəsində qərargah rəisi vəzifəsini icra etdim. Dəstəmizin qarşısına düşmənin tank və digər zirehli texnikasını məhv etmək tapşırığı qoyulmuşdu. Silahlanmamız “Spayk” raketi, “SPQ-9” tank əleyhinə qumbaraatan və iriçaplı snayper silahından ibarət olduğu üçün döyüş tapşırığına uyğun, bizim şəxsi heyəti kiçik qruplara bölərək, digər dəstələrin tərkibinə ayırmışdılar.
Goranboy rayonu ərazisindən, “Orta Camış” adlanan yüksəklikdən Kəlbəcər istiqamətinə doğru ilk döyüşümüz oldu. Dəstəmizin tərkibində vuruşan və Müdafiə Nazirliyinin əsgəri olan ilk şəhidimizi də məhz bu döyüşdə verdik. Lakin, buna baxmayaraq, dörd gün davam edən döyüşlər zamanı hərbi qulluqçularımızın sərrast atəşi ilə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki verdilər. Silah-sursatını və hərbi texnikasını döyüş meydanında atıb qaçmaq acı məğlubiyyətə uğramış düşmənin yeganə çıxış yolu idi. Sonra bizi Cəbrayıl istiqamətinə gətirdilər”.
Bir neçə gündən sonra Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlara qatıldığını və oktyabrın 3-də ilk dəfə burada ayağından dəlib keçən güllə yarası aldığını deyən mayor E.Məmmədov əvvəlcə Lələtəpə ətrafında yerləşən tibb məntəqəsinə gətirildiyini, burada tibbi yardım aldıqdan sonra Füzulinin Əhmədbəyli kəndindəki tibb məntəqəsinə, oradan da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunduğunu bildirdi: “Burada dörd gün müalicə aldıqdan sonra, yaram nisbətən sağaldığından və özümü yaxşı hiss etdiyimdən, yenidən ön cəbhəyə, dəstəmizin yanına qayıtdım. O zaman dəstəmiz növbəti döyüş planına uyğun müvəqqəti olaraq Cəbrayıl istiqamətindən Müdafiə Nazirliyinin Beyləqanda yerləşən “N” saylı hərbi hissəsinə gətirilmişdi. Səhərisi gün Füzulidə yerləşən düşmən mövqeləri üzərinə hücuma keçəcəkdik”.
Elşən bu arada Beyləqanda olarkən vaxtilə birgə xidmət etdiyi mayor Ş.Qaflanovla aralarında olan sonuncu söhbəti xatırlayaraq, onun şəhid olmasına hələ də inana bilmədiyini dedi: “Mayor Qaflanovla sonuncu dəfə Beyləqanda olarkən telefonla danışmışdıq. “İstiqamətiniz haradır” – deyə mənə sual verdi. Mən isə ona: “istiqamətimiz Füzulidir, komandir” – dedim. O da mənə: “Elə bizim də istiqamətimiz oradır. Allah hamımıza kömək olsun” – dedi. Ondan sonra nə özünü gördüm, nə də səsini eşitdim. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin!”.
İştirak etdiyi uğurlu Füzuli döyüşlərindən sonra Şuşa istiqamətində gedən hərbi əməliyyatlara qatıldığını qeyd edən mayor E.Məmmədov, hər cür çətinliklərə rəğmən, qarşılarına qoyulan bütün döyüş tapşırıqlarının xüsusi təyinatlılarımızın qəhrəmanlığı sayəsində yerinə yetirilməsindən böyük qürur hissi keçirdiyini bildirdi: “Şuşa döyüşlərinə qədər dəstəmizin şəxsi heyətinin bir çoxu yaralanmış və şəhid olmuşdu. Ona görə də dəstə komandiri və mən döyüşlərə artıq heyət nəfəri kimi qatılmışdıq. Bizi polkovnik-leytenant Füzuli İmrəliyevin komandiri olduğu dəstənin tərkibinə vermişdilər. “Spayk” raketinin aparatını dəstə komandiri, raketləri isə biz özümüz daşıyırdıq. Bu vəziyyətdə Şuşa istiqamətində üç gün yol getməli olduq. Qarşımıza Şuşa şəhərinə ön qapıdan daxil olmaq üçün ətrafdakı təpəni götürmək tapşırığı qoyulmuşdu. Digər qruplar isə arxa tərəfdən şəhərə daxil olmalı idi. Onlar artıq demək olar ki, şəhərə daxil olmuşdular və şiddətli döyüşlər gedirdi. Təpədə düşmənin gücləndirilmiş mövqeləri yerləşdiyindən, buranı tutmaq bizim üçün bir qədər çətin oldu. Bu baxımdan, təpənin alınması uğrunda döyüşlər gün ərzində davam etdi. Bizim şəxsi heyət şəhər ətrafındakı meşəlik ərazidə mövqe tutmuşdu. Yaxşı yadımdadır, noyabr ayının 5-i, doğum günüm idi. Üzərimizə doğru irəliləyən düşmən tanklarından birini meşənin içərisində vurduqdan sonra digəri qorxusundan şəhərə doğru geri çəkilməyə məcbur oldu. Bu zaman ermənilərin kortəbii şəkildə üzərimizə doğru atdığı güllələrdən biri yenə ayağımdan dəydi. Mənə dərhal ilkin tibbi yardım göstərildi. Ağrıkəsici iynə vurdular, qanaxmamı dayandırıb, yaramı sarıdılar. Meşədə məndən əlavə iyirmi nəfər yaralımız və bir nəfər də şəhidimiz vardı. Biz üç gün meşədə qalmalı olduq. Şuşa və ətraf ərazilər ordumuzun nəzarətinə keçəndən sonra yollar açıldı və noyabrın 8-də bizi təxliyyə etdilər. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Sağ olsun həkimlərimiz. Onların sayəsində tez bir zamanda sağlamlığım bərpa olundu və xidmətimi indi də davam etdirirəm”.
Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli və 25.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə mayor Məmmədov Elşən Tağı oğlu “Qarabağ” ordeni, “Füzulinin azad olunmasına görə” medalı, eləcə də Azərbaycan müdafiə nazirinin 09.12.2020-ci il tarixli müvafiq əmri ilə “Şücaətə görə” medalı ilə təltif edilib.
Məlumat üçün qeyd edək ki, mayor E.Məmmədov 2021-ci ilin may ayından qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində Vətənə olan şərəfli borcunu bu gün də layiqincə yerinə yetirir.
Sonda Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu il iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində səsləndirdiyi dəyərli sözləri qeyd etmək istəyirəm: “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə”.
Öz fədakarlığı ilə adını tariximizin şanlı səhifəsinə yazan cəsur zabitimizə fəaliyyətində hər zaman uğurlar arzulayırıq.