NATO “Ceyrançöl” layihəsinə dəstəyini açıqladı
NATO Etimad Fondu (NATO Trust Fund) Azərbaycanda mina və partlamamış hərbi sursatların ləğvini nəzərdə tutan “Ceyrançöl” layihəsinə dəstəyini rəsmən açlıqlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə NATO saytında məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ceyrançöl Azərbaycanın şimali-qərbində Gürcüstanla sərhəd boyunca 62 kvadrat kilometr ərazini əhatə edir. Orada 1955-ci ildən 1991-ci ilədək keçmiş Sovet ordusunun poliqonu olub. İndi isə ətrafda torpağın üzərində və altında partlamamış sursatların qalır.
NATO Trust Fund altı illik oxşar “Saloğlu” layihəsindən sonra Azərbaycana Sovetlərdən qalmış daha bir ölümcül mirasın təmizlənməsində kömək edir.
Ceyrançöldə hələ partlamamış tank sursatları, artilleriya mərmiləri, bomba və partlamamış hərbi sursatların digər növləri qalmaqdadır. Ərazidə həmçinin piyada və tank əleyhinə minalar mövcuddur. Ərazidə yer səthində və torpağın altında PHS-lərin belə yüksək konsentrasiyası daha çox təhlükə yaradır. Bu da öz növbəsində yüksək səviyyədə demining kəşfiyyatını tələb edir.
Layihənin həyata keçirilməsində ANAMA NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) köməyi ilə yerli resurslardan istifadə edəcək. Hansı ki, ANAMA son onillikdə NATO Trust Fund tərəfindən dəstəklənmiş “Saloğlu” layihəsi çərçivəsində mükəmməl təcrübə qazanıb.
ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, NAMSA ilə ANAMA-nın müxtəlif layihələrin həyata keçirilməsində texniki və idarəetmə məsələləri ilə bağlı yaxşı anlaşmaları var. Bu layihə ANAMA-nın potensialının inkişafına təkan verəcək.
NAMSA-nın layihə meneceri David Towndrow isə deyib ki, Ceyrançöldəki mina və PHS yerli fermerlər və sərhəddə patrul fəaliyyətini yerinə yetirən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün təhlükələr doğurur. Ərazidə mina və PHS partlayışı nəticəsində bir sıra hadisələr baş verib.
“Ceyrançöl” layihəsinin birinci mərhələsinin ümumi dəyəri təxminən 3 mln.avrodur. iki il ərzində ABŞ tərəfindən layihəyə hər il 270 min avro vəsait ayrılacaq. Qalan hissəsi isə digər NATO və qeyri-NATO ölkələri tərəfindən könüllü ianələr hesabına maliyyələşdiriləcək. Ümumilikdə 28 ay ərzində 19 kvadrat kilometr ərazinin təmizlənməsi nəzərdə tutulur. Əməliyyatlarda ANAMA-nın 30 nəfərlik EOD komandası çalışacaq. İlk 14 ay ərzində 7, sonrakı 14 ay ərzində isə qalan 12 kvadrat kilometr sahənin təmizlənməsi planlaşdırılır.