
NATO genişmiqyaslı hərbi təlimlərə başlayıb
NATO-ya üzv olan ölkələr Norveçdə “Cold Response 2022” (“Soyuq cavab-2022”) adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Bu barədə “Poliqon” NATO-nun rəsmi saytına istinadən məlumat verib.
Məlumatda bilidirilib ki, “Cold Response 2022” hərbi təlimlərində NATO-nun yaxın tərəfdaşları Finlandiya və İsveç də daxil olmaqla 27 ölkədən 30 minə yaxın hərbçi, həmçinin 220-yə yaxın təyyarə və 50-dən çox gəmi iştirak edir.
Bu təlim NATO-nun istənilən təhlükəyə qətiyyətlə cavab vermək qabiliyyətini nümayiş etdirir. Həmçinin NATO-nu istənilən hücumdan qorumaq üçün Alyansın şərq hissəsini gücləndirir.
“Cold Response 2022” hərbi təlimlərinə ATƏT-ə üzv olan bütün ölkələrdən müşahidəçilər dəvət olunub, lakin Rusiya bu dəvəti rədd edib. Norveç müşahidəçilərin qeydiyyat müddətini martın 23-dək uzadıb.