
Ucuz pilotsuz uçuş aparatlarının (PUA) sürətlə yayılması NATO müttəfiqləri qarşısında təcili həllini tələb edən problem yaradır.
“Poliqon” NATO-nun Müttəfiq Transformasiya Komandanlığına (ACT) istinadən məlumat verir ki, burada söhbət müxtəlif ölkələr və istehsalçılar tərəfindən hazırlanmış, birgə işləyə bilən sistemlər vasitəsilə PUA-ların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsindən gedir.
NATO Müttəfiq Transformasiya Komandanlığının PUA-lara Qarşı Laylı Mübarizə Təşəbbüsü (LCI-X) bu problemin həlli istiqamətində sınaqları genişləndirir. Təşəbbüsün növbəti sınaq tədbiri olan “Crucible 4-26” 2026-cı il Rəqəmsal İnfrastruktur Təcrübələri (DiBaX26) proqramı çərçivəsində keçirilir.
Əvvəlki sınaqlarda əldə edilmiş texniki inteqrasiya nəticələrinə əsaslanan LCI-X hazırda müxtəlif PUA-lara qarşı mübarizə qruplarını birləşdirir və onların milli sərhədlərdən, eləcə də texniki fərqlərdən asılı olmayaraq birgə fəaliyyət imkanlarını yoxlayır.
Sınaq, əlaqələndirmə, inteqrasiya və miqyasın genişləndirilməsi
LCI-X PUA-lara qarşı mübarizə sistemlərinin ayrı-ayrı elementlərini inteqrasiya edərək vahid qruplar şəklində birləşdirir. Belə qrup PUA-ları aşkarlayan, izləyən və zərərsizləşdirən sensorlardan, komanda-idarəetmə məntəqəsindən və təsir vasitələrindən ibarətdir. Bu qruplar, eyni zamanda, əldə etdikləri məlumatları öz hüdudlarından kənara ötürə bilirlər.
Əsas məqsəd müxtəlif ölkələr və istehsalçılar tərəfindən hazırlanmış sistemlərin məlumat mübadiləsi aparmasını və inteqrasiya olunmuş PUA-lara qarşı mübarizənin tərkib hissəsi kimi birgə işləməsini təmin etməkdir.
Təsəvvür edək ki, bir sensor yaxınlaşan PUA-nı aşkarlayır. LCI-X həmin sensoru NATO-nun komanda-idarəetmə sisteminə qoşaraq məlumatın NATO və müttəfiq qüvvələri arasında ötürülməsini təmin edir. Bu məlumatlar komandirə yaranmış təhlükəni operativ qiymətləndirmək və PUA-nı zərərsizləşdirmək üçün ən uyğun təsir vasitəsini seçmək imkanı verir.
PUA-nı aşkarlayan ilkin sensordan təhlükəni zərərsizləşdirən sonuncu təsir vasitəsinədək qurulan bu əlaqə qarşılıqlı fəaliyyət qabiliyyətinin döyüş meydanında üstünlük yaratmasını nümayiş etdirir.
Belə qrupların birləşdirilməsi və fəaliyyət miqyasının genişləndirilməsi dövlət sərhədləri və kritik infrastruktur obyektləri də daxil olmaqla, daha geniş ərazilərin müdafiəsinə imkan yarada bilər.
Əvvəlki LCI-X sınaqları “Crucible 4-26” tədbirinə hazırlıq mərhələsi olub. Hər növbəti tədbirdə sınaqların mürəkkəbliyi və miqyası artırılıb:
– Rumıniyada keçirilən “Crucible 1-26” tədbirində ayrı-ayrı PUA-lara qarşı mübarizə qrupu daxilində sensorların, komanda-idarəetmə sistemlərinin və təsir vasitələrinin inteqrasiyası sınaqdan keçirilib.
– Finlandiyada keçirilən “Crucible 2-26” tədbirində ayrı-ayrı qruplar arasında məlumat mübadiləsi, fəaliyyətlərin əlaqələndirilməsi və müxtəlif məkanlarda yerləşən sistemlərin birləşdirilməsi imkanları araşdırılıb.
– Latviyada keçirilən “Crucible 3-26” tədbirində bu işlər taktiki birləşmələr və NATO-nun komanda-idarəetmə sistemləri arasında çoxqruplu inteqrasiyanın sınaqdan keçirilməsi ilə davam etdirilib.
– “Crucible 4-26” tədbirində isə ilk üç sınağın nəticələri daha geniş miqyasda tətbiq olunur. PUA-lara qarşı mübarizə sistemləri arasında əlaqələndirmə və qarşılıqlı fəaliyyət daha böyük məsafələrdə və mürəkkəb əməliyyat strukturlarında yoxlanılır. Eyni zamanda, DiBaX26 və Yeni Nəsil Hədəfləmə (NGT) proqramları ilə inteqrasiya vasitəsilə müxtəlif əməliyyat sahələri arasında qarşılıqlı fəaliyyət imkanları araşdırılır.
Sınaqların nəticələri məlumat bazasının formalaşdırılmasına, həmçinin bu sistemlərin NATO miqyasında effektiv birgə fəaliyyətini təmin etmək üçün texniki standartların, prosedurların və inteqrasiya tələblərinin hansı istiqamətlərdə təkmilləşdirilməli olduğunu müəyyənləşdirməyə kömək edəcək.
LCI-X sənaye ilə əməkdaşlıq edir
LCI-X NATO müttəfiqlərinin və müdafiə sənayesinin imkanları arasında inteqrasiyanı və qarşılıqlı fəaliyyət qabiliyyətini inkişaf etdirməyə davam edir.
Bu ayın sonunda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı 30-dan çox müttəfiq və tərəfdaş ölkəni təmsil edən NATO, müttəfiq qüvvələr və müdafiə sənayesi üzrə 100-dən çox müxtəlif qurumu bir araya gətirəcək. Sınaqlar çərçivəsində sənaye şirkətlərinin imkanları real əməliyyat ssenariləri əsasında qiymətləndiriləcək. Əldə olunan nəticələr ölkələrin gələcək satınalma qərarlarının qəbuluna kömək edə bilər.
LCI-X eksperiment və sınaq platforması rolunu oynayır. Bu təşəbbüs vasitəsilə ACT təhdidlərin xarakterinə uyğun şəraitdə qabaqcıl texnologiyaları sınaqdan keçirir, onların effektivliyini, təkmilləşdirilməli cəhətlərini və tətbiq zamanı yarana biləcək çətinlikləri müəyyənləşdirir.
Sınaqların sürətli tempi uğursuz nəticələrin də mümkünlüyünü nəzərdə tutur. LCI-X uğursuzluğu son nöqtə deyil, öyrənmək, uyğunlaşmaq və sistemləri geniş miqyasda tətbiq üçün təkmilləşdirmək imkanı kimi qiymətləndirir.
Bu sınaqlar sayəsində milli hökumətlər müxtəlif sistemlərin fəaliyyətini, nəticələrini və NATO standartları, eləcə də arxitekturaları çərçivəsində məlumat mübadiləsinin effektivliyini müşahidə edə bilirlər. Əldə olunan sübutlar inteqrasiya problemlərinin müəyyənləşdirilməsinə, gələcək imkanlara dair tələblərin formalaşdırılmasına və PUA-lara qarşı mübarizə sistemlərinə investisiya yatırmağı planlaşdıran ölkələr üçün qeyri-müəyyənliyin azaldılmasına kömək edir.
LCI-X operatorlara və sənaye nümayəndələrinə sistemlərini real şəraitə yaxın mühitdə sınaqdan keçirmək və təkmilləşdirmək imkanı da verir. NATO, müttəfiq ölkələr və sənaye şirkətlərinin imkanlarının vahid sınaq mühitində birləşdirilməsi onların bir-birinin təcrübəsindən faydalanmasına şərait yaradır. Bundan əlavə, LCI-X-in hər bir Crucible sınağı sənaye şirkətlərinə öz sistemlərinin NATO standartları və sistemləri ilə uyğunluğunu artırmaq imkanlarını müəyyənləşdirməyə şərait yaradır.
“Crucible 4-26” tədbiri NATO-nun Ukraynadakı döyüş təcrübəsindən necə yararlandığını da nümayiş etdirir. NATO-Ukrayna Birgə Təhlil, Təlim və Təhsil Mərkəzi (JATEC) ilə əməkdaşlıq çərçivəsində LCI-X döyüş meydanında əldə edilmiş mühüm təcrübəni sınaq proqramına daxil edir və PUA-lara qarşı mübarizə üzrə təcrübələrin hazırlanmasında Ukrayna sənayesi ilə əməkdaşlıq edir.
“Crucible 4-26” çərçivəsində Ukraynanın təcrübəsi döyüş meydanındakı problemlərin həllinə yönəlmiş, real təhdidləri nəzərə alan ssenarilərə çevrilir.
DiBaX26 çərçivəsində LCI-X
DiBaX26 “Crucible 4-26” sınaqlarının keçirildiyi eksperimental mühiti və rəqəmsal infrastrukturu təmin edir.
LCI-X çərçivəsində məlumatlar bu şəbəkə vasitəsilə ötürülür. Bu, PUA-lara qarşı əməliyyatlar zamanı yaranan məlumatların həcmi və növləri baxımından şəbəkənin imkanlarını sınaqdan keçirməyə şərait yaradır.
Eyni məlumatlar Yeni Nəsil Hədəfləmə (NGT) proqramının sınaqlarında da istifadə oluna bilər. Bu isə PUA-lara qarşı əməliyyatlar zamanı əldə edilən məlumatların daha geniş hədəfləmə və rəqəmsal infrastruktur mühitində necə ötürülə biləcəyini araşdırmağa imkan verir.
Rəhbər şəxslərin mövqeyi
NATO Müttəfiq Transformasiya Komandanlığının imkanların inkişafı üzrə qərargah rəisinin müavini, general-leytenant Markus Annibale bildirib ki, LCI-X konkret əməliyyat probleminin həlli ilə məşğuldur: “NATO müxtəlif müttəfiqlərə və sənaye şirkətlərinə məxsus PUA-lara qarşı mübarizə sensorlarını və təsir vasitələrini necə birləşdirə bilər? ACT Latviyada əvvəlki LCI-X “Crucible” tədbirlərinin nəticələrinə əsaslanaraq daha mürəkkəb əməliyyat mühitində geniş miqyaslı fəaliyyət imkanlarını inkişaf etdirir. Bu tədbir NATO-ya ən müasir PUA-lara qarşı mübarizə imkanlarını inkişaf etdirmək və tətbiq etmək, eləcə də Avro-Atlantik məkan boyunca müdafiəni gücləndirmək üçün qarşılıqlı fəaliyyətin əhatəli sınaqlarını təmin edir”.
LCI-X-in direktoru, kapitan Co Pisoni isə qeyd edib ki, “Crucible 4-26” ACT-nin 2026-cı il ərzində PUA-lara qarşı mübarizə sahəsində apardığı sınaqların yekun mərhələsidir: “Bu fəaliyyət 2027-ci ildə də davam edəcək. Latviyadakı sınaqlar vasitəsilə NATO müttəfiqlərin PUA-lara qarşı mübarizə sistemlərini sürətlə sınaqdan keçirmək, əlaqələndirmək, inteqrasiya etmək və onların tətbiq miqyasını genişləndirmək imkanlarını nümayiş etdirir. NATO müttəfiqləri, tərəfdaşları və sənaye ilə əməkdaşlıq sayəsində ACT 32 müttəfiq ölkənin innovasiya potensialını Alyansın daha böyük əməliyyat üstünlüyünə çevirir”.
Sınaqlardan əməliyyat üstünlüyünə
LCI-X-in DiBaX26 proqramında iştirakı NATO-nun mövcud əməliyyat təhdidlərinə qarşı mübarizə aparmaqla yanaşı, gələcəkdə yarana biləcək çağırışlara hazırlaşmaq yanaşmasını əks etdirir.
Ucuz PUA-lar döyüş meydanlarında getdikcə daha geniş miqyasda istifadə olunduqca, ACT Alyansın müxtəlif ölkələrinə məxsus imkanların vahid cavab sisteminin tərkib hissəsi kimi necə işləyə biləcəyini sınaqdan keçirir.
Sənaye, satınalma qurumları və milli silahlı qüvvələrlə əməkdaşlıq çərçivəsində LCI-X NATO-ya və müttəfiq ölkələrə inteqrasiya problemlərini müəyyənləşdirməyə, tələbləri dəqiqləşdirməyə və gələcək PUA-lara qarşı mübarizə imkanları ilə bağlı daha əsaslandırılmış qərarlar qəbul etməyə kömək edəcək məlumatlar əldə edir.





