Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planına əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki təlim keçirilib.

Bu barədə “Poliqon” NUHÇIXAN İnformasiya Agentliyinə istinadən məlumat verib.

Təlimin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan ərazisinə keçməyə cəhd ediblər. Sərhəd naryadından daxil olmuş siqnala əsasən sərhəd bölmələrinin şəxsi heyəti “Silaha” komandası ilə qaldırılıb. “Həyəcan qrupu” hadisə baş vermiş əraziyə, “Hərbi pərdələyici dəstə” sərhəd naryadları isə dövlət sərhədinin pozulduğu istiqamətdə təyin olunmuş hüdudlar boyu ərazinin qapadılması üçün hərəkət ediblər. Dövlət sərhədinin pozulması əlamətləri aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar edilib. Sərhəd komendantlığının mobil qrupları və sərhəd zastavalarından cəlb olunmuş axtarış qrupları tərəfindən dövlət sərhədinin pozulduğu istiqamətdə axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılıb. Axtarış rayonunda sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi qapadılıb. Birgə fəaliyyət zamanı təcrid edilmiş ərazilərdəki yaşayış məntəqələrində naməlum şəxslər haqqında məlumatların toplanılması məqsədilə əraziyə yaxın yollarda reydlər keçirilib, əməliyyat rayonunun giriş-çıxış yollarında nəzarət məntəqəsi xidməti təşkil olunub.

Aparılmış uğurlu axtarış tədbirləri nəticəsində aşkar olunmuş sərhəd pozucuları mühasirəyə alınaraq yaxalanıb və sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Təlimin yekununda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini – qərargah rəisi polkovnik Muxtar Həmzəyev birgə fəaliyyət nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.

Poliqon.az

CATEGORIES
TAGS