Naxçıvan Qarnizonu Qoşunlarında “Zəfər yolumuz” adlı silsilə tədbirlər keçirilir
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr – Zəfər Günü qeyd edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən tədbirlər planı hazırlanaraq bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında silsilə tədbirlər keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən “Zəfər yolumuz” adlı hərbi vətənpərvərlik tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayəndələri, o cümlədən mədəniyyət, mətbuat işçiləri və Vətən müharibəsinin iştirakçıları şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olublar.
Tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib. Əlahiddə Ümumqoşun Ordunun zabitləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıblar.
Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir.