Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər – VİDEO
Zəfər Günü ərəfəsində Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərin xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər Azərbaycanın mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə 8 Noyabr Zəfər Günündən və hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb.
General-mayor Rəhim Cəfərov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində işğal altındakı torpaqları düşməndən azad edən Azərbaycan Ordusu dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazdı. İnanırıq ki, Zəfər Günü ərəfəsində hərbi andı qəbul edən gənclər də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçular kimi vicdanla və şərəflə xidmət edərək döyüş növbətçiliyinin uğurlu təşkilində fəal iştirak edəcəklər.
Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.