Norveç Böyük Britaniyanın “Type-26” freqatlarını seçib

Norveç Böyük Britaniyanın “Type-26” freqatlarını seçib

Norveç hökuməti yeni freqatların alınması üçün Böyük Britaniyanı strateji tərəfdaş seçib.

“Poliqon” Norveç Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu freqatların alınması Norveçin indiyədək müdafiə qabiliyyəti sahəsində etdiyi ən böyük investisiya olacaq.

Bildirilib ki, Böyük Britaniya tərəfindən inşa ediləcək “Type-26” freqatlarının Norveçə təhvil verilməsinə 2030-cu ildən başlayacaq.

“Type-26” freqatları xüsusi olaraq sualtı qayıqları aşkarlamaq, izləmək və məhv etmək üçün nəzərdə tutulmuş hərbi gəmilərdir. Norveç və Böyük Britaniya gəmiləri mümkün qədər eyni olacaq və eyni texniki xüsusiyyətlərə malik olacaq.

Norveç freqatları sualtı qayıqlara qarşı mübarizə aparan helikopterlərlə təchiz ediləcək. Hələlik Norveç freqatlarında hansı tip helikopterin istifadə ediləcəyi barədə qərar qəbul olunmayıb.

Norveç və Böyük Britaniya hökumətləri tezliklə strateji tərəfdaşlığın çərçivəsini müəyyənləşdirəcək məcburi razılaşmanı yekunlaşdıracaq. Razılaşma imzalandıqdan sonra tərəflər əsas podratçı “BAE Systems” şirkəti ilə müqavilə danışıqlarına başlayacaqlar.

CATEGORIES
TAGS