Norveç NASAMS ZRK-nin radarlarını təkmilləşdirir

Norveç NASAMS ZRK-nin radarlarını təkmilləşdirir

Norveç Silahlı Qüvvələrinin inventarında yer alan NASAMS zenit-raket komplekslərinin (ZRK) AN/MPQ-64 radarları təkmilləşdirilir.

“Poliqon” Norveç Müdafiə Avadanlıqları Agentliyinə (NDMA) istinadən xəbər verir ki, bunun üçün “Kongsberg Defence and Aerospace” şirkəti ilə 365 NOK (33.5 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ilk radar, təkmilləşdirmə modullarını da tədarük edəcək olan istehsalçı “Raytheon Missile and Defense” şirkəti tərəfindən modernləşdiriləcək. Digər radarların təkmilləşdirmə işlərini isə “Kongsberg Defence and Aerospace” şirkətinin “Kongsberg Aviation Maintenance Services” (KAMS) müəssisəsi həyata keçirəcək. Layihə çərçivəsində radarların təkmilləşdirilməsi ilə bağlı çalışmalar 2025-ci ilin sonuna qədər tamamlanacaq.

NDMA-nın bildirdiyinə görə, ölkənin Silahlı Qüvvələri uzun illərdir ki, Norveçin “Kongsberg Defence and Aerospace” və ABŞ-ın “Raytheon Missile and Defense” şirkəti tərəfindən birgə hazırlanmış NASAMS ZRK-dən istifadə edir. Bu müddət ərzində də artıq AN/MPQ-64 təyinatlı radarların təkmilləşdirilməsinə ehtiyac yaranıb.

Qeyd edək ki, hazırda NASAMS ZRK Norveç, ABŞ və Ukrayna da daxil olmaqla 13 ölkədə istifadə olunur.

Poliqon.az

CATEGORIES
TAGS