Norveçin “Leopard 2A7” tankları “Rheinmetall” sistemləri ilə təchiz olunacaq

Norveçin “Leopard 2A7” tankları “Rheinmetall” sistemləri ilə təchiz olunacaq

Norveçin Almaniyadan tədarük edəcəyi “Leopard 2A7” tankları “Rheinmetall” şirkətinin silah və sistemləri ilə təchiz olunacaq.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün şirkət Norveç tərəfindən 129 milyon avro həcmində sifariş alıb.

Sifarişə 120 mm-lik hamar lüləli L55A1 tank topunun, atəşi idarəetmə sisteminin və sensor dəstinin satın alınması daxildir. Bundan başqa müqavilədə 44 milyon avro dəyərində əlavə satınalma maddəsi də yer alır. Həmin maddə Norveç Müdafiə Avadanlıqları Agentliyinin (NDMA) “Krauss-Maffei Wegmann” (KMW) şirkətindən daha 18 ədəd “Leopard 2A7” tankı aldığı halda işə düşəcək.

Xatırladaq ki, cari ilin fevral ayında NDMA ilə Almaniyanın KMW şirkəti arasında 54 ədəd yeni “Leopard 2A7” tankının alqı-satqısı ilə bağlı 19.7 milyard Norveç kronu (1.9 milyard ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, KMW şirkəti “Leopard 2A7” tanklarının istehsalı və Norveç Silahlı Qüvvələrinə çatdırılmasına dair işləri 2026-2028-ci illər aralığında həyata keçirəcək.

Qeyd edək ki, “Leopard 2A7” tankı “ “Leopard 2” ailəsinin ən sonuncu və müasir modifikasiyasıdır.

Hazırda “Krauss-Maffei Wegmann” şirkəti tərəfindən tankın bu modifikasiyası üç Avropa ölkəsi – Almaniya, Danimarka və Macarıstan üçün istehsal olunur.

Poliqon.az

CATEGORIES
TAGS