Növbəti DENİZHAN-76 dəniz topu sifarişçiyə çatdırılıb – VİDEO

MİLGEM layihəsi çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən 10-cu gəmiyə quraşdırılacaq “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin istehsalı olan 7-ci DENİZHAN-76 milli dəniz topu qəbul sınaqlarını uğurla tamamlayaraq, gəminin inşa edildiyi tərsanəyə təhvil verilib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, dəniz topu sahəsində Türkiyəyə tətbiq edilən embarqolara cavab olaraq şirkət, 2020-ci ildə hərəkətə keçib və dünyada yalnız bir neçə ölkənin istehsal edə bildiyi 76 mm-lik milli dəniz topunu qısa müddətdə hazırlayaraq seriyalı istehsalına başlayıb.
Yaxın və orta mənzilli hədəflərə qarşı effektiv atəş gücü təqdim edən DENİZHAN-76 hava hücumundan müdafiə, suüstü döyüş və quru hədəflərinin vurulması missiyalarını uğurla yerinə yetirə bilir. Dəqiqədə 80 atım edə bilən yüksək atəş sürətinə malik bu dəniz topu, təxminən 16 kilometr məsafəyədək effektiv atış imkanı yaradır.
Aşağı radar izli dizaynı və çoxfunksiyalı qabiliyyətləri ilə diqqət çəkən DENİZHAN-76 yalnız Türkiyə HDQ-yə deyil, həm də dost və müttəfiq ölkələrə edilən ixraclarla ölkənin milli müdafiə sənayesinin güclənməsinə töhfə verir. Türk mühəndislərinin imzasını daşıyan DENİZHAN-76 2025-ci ildə İndoneziyaya və Rumıniyaya ixrac edilib.
76 mm-lik DENİZHAN milli dəniz topu sahəsində qazandığı təcrübə ilə bir addım irəli gedən MKE mühəndisləri 127 mm-lik milli dəniz topunu yerli və milli imkanlarla istehsal etmək üçün işlərini sürətlə davam etdirir. Bu çərçivədə 127 mm-lik dəniz topunun ilk addımı olaraq silah sisteminin lüləsi istehsal edilib. Sistem üzrə tədqiqat-inkişaf işləri isə davam etdirilir.




