Ön cəbhədə ilk gündən son döyüşədək xüsusi təyinatlı adına layiq vuruşan şəhid Fərid Hüseynov

Ön cəbhədə ilk gündən son döyüşədək xüsusi təyinatlı adına layiq vuruşan şəhid Fərid Hüseynov

Həqiqətən də döyüş meydanında od-alovdan keçən qorxmaz və mərd oğullar 44 günlük Vətən müharibəsində düşməni məğlubiyyətə uğratdılar. O düşməni ki, azərbaycanlıları soyqırıma məruz qoyub, onları doğma yurdlarından didərgin salıb, şəhər və kəndləri xarabalığa çevirib, məscidlərə, qəbiristanlıqlara qarşı vandalizm aktları törədib, təbii sərvətləri talayıb, mədəni irs nümunələrini özününküləşdirib. Bütün bu vəhşiliklərin, azğınlıqların qisasını alan, təcavüzkarı dar-madağın edən igidlər haqqında daim danışılacaq və yazılacaq.

“Poliqon”un məlumatına görə, baş çavuş Hüseynov Fərid Fətəli oğlu Vətən müharibəsi şəhidlərindən biridir. O, 1994-cü il iyunun 23-də Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. Fətəli Hüseynov və Tahirə Hüseynovanın üç övladından böyüyü idi. Bacısı və qardaşı var.

Fərid doğma kəndindəki tam orta məktəbdə 11 il oxuyub. Orta məktəbdə bir çox fəndən, o cümlədən, çağırışaqədərki hazırlıqdan yaxşı qiymət alıb. Müəllimləri və məktəbli yoldaşlarının hörmətini qazanıb. Ümumiyyətlə, valideynləri onu ləyaqətli gənc kimi yetişdiriblər, xarakteri, dünyagörüşü xalqın mənəvi dəyərlərinə ehtiram ruhunda formalaşıb. Həmçinin, inanclı, xeyirxah, el-oba qədrini bilən gənc kimi kənd camaatının yaddaşında qalıb.

2012-ci ilin iyul ayında Fərid müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində, Hərbi Dəniz Qüvvələrinin tərkibində xidmət keçib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirərək 2014-cü ilin yanvar ayında ehtiyata buraxılıb.

Atasının sözlərinə görə, Fərid hələ məktəb illərindən hərbçi peşəsinə maraq göstərib. Cəlilabad rayonunda müxtəlif qoşun növlərinə aid hərbçilərin xidmət keçdiklərini, onların fərqli hərbi formalarını görən Fəridin hərb həyatı diqqətini həmişə cəlb edib. Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq barədə qərarını ilk olaraq atasına söyləyib. Bu məsələdə atasının dəstəyi onu daha da ruhlandırıb.

2015-ci ilin iyul ayının 18-dən etibarən Fərid Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissədə Vətən müharibəsinədək xidmət edərək, xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, xüsusi təyinatlı dəstədə atıcı-yazar və xüsusi həmlə qrupunun yarımqrup komandiri vəzifələrinə təyin olunub. Bu vəzifələrdə üzərinə düşən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb, komandanlığın etimadını doğruldub. Hərbi xidmət müddətində dəfələrlə mükafatlandırılıb. Xüsusi təyinatlı olaraq keçirilən məşğələlərdə və praktiki təlimlərdə öz döyüş hazırlığının artırılmasına çalışıb, gərəkli hərbi biliklərə, peşə vərdişlərinə əzmkarlıqla yiyələnib. Mənəvi-psixoloji hazırlığı cəhətdən də xidmət etdiyi bölmədə fərqlənib. Yarımqrup komandiri kimi tabeliyindəki şəxsi heyətin təlim-tərbiyəsinə xüsusi diqqət yetirib, onlardan qayğısını əsirgəməyib.

2020-ci ilin sentyabr ayının 27-də erməni işğalçılarına qarşı başlayan Vətən müharibəsi minlərlə silahdaşı kimi, Fəridin də həyatının ən çətin və şərəfli sınağı oldu. Müharibənin ilk günündən hərbi hissənin xüsusi təyinatlıları qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinə göndəriliblər. Burada yerləşdikləri müddətdə ön cəbhədə döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlaşıblar. Sonra döyüş bölgəsində fəaliyyətə başlayıblar.

Qəbələ rayonunda fəaliyyət göstərən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı kapitan Anar Mahmudov mənimlə söhbətində bildirdi ki, Fərid onun tabeliyində 2020-ci ilin may ayından xidmət edib, intizamlı, xidmət mənafeyini üstün tutan, öz bilik və bacarıqlarını təkmilləşdirməyə səy göstərən, icraçılığı ilə seçilən hərbi qulluqçu olub.

Kapitan A.Mahmudov məlumat verdi ki, dəstənin şəxsi heyətinin döyüş yolu oktyabrın 15-i tarixində Füzuli şəhəri istiqamətində başlayıb. Qoşunların Bakının Biləcəri qəsəbəsindəki “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birlikdə bu istiqamətdə təcavüzkara qarşı iki gün vuruşublar. Füzuli şəhərində yerləşən hərbi hissədə düşmənin xeyli miqdarda müxtəlif növ silah-sursatını, o cümlədən, tank əleyhinə “Kornet” raketlərini, eləcə də hərbi əmlakını qənimət götürərək aidiyyəti üzrə təhvil veriblər. Füzuli rayonunun Seyidmahmudlu kəndinin ətrafındakı adsız yüksəkliklərin ələ keçirilməsi uğrunda döyüş əməliyyatını dəstənin hərbi qulluqçuları heç bir digər bölmələrin tərkibində olmadan, ayrıca icra ediblər. Malik olduqları silahlarla işğalçıları şiddətli atəşə məruz qoyan xüsusi təyinatlıların həmlələri nəticəsində düşmənin atəş nöqtələri susdurulub, əlverişli mövqelər nəzarətə götürülüb. Qeyd edilən döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı Fərid cəsurluq göstərib.

Həmsöhbətimin sözlərinə görə, Füzuli rayonunun Seyidmahmudlu, Dədəli, Mirzəcamallı, Aybasanlı, Xocavənd rayonunun Düdükçü, Ağbulaq, Edilli kəndlərinin ərazilərində axtarış, erməni diversiya-kəşfiyyat qruplarının sızmasının qarşısının alınması, ayrı-ayrı obyektlərdə gizlənmiş düşmən hərbçilərinin zərərsizləşdirilməsi üzrə fəaliyyət zamanı Fərid daim öndə olub, heç bir təhlükədən çəkinməyib.

Dəstə komandiri nəzərə çatdırdı ki, oktyabrın 30-dan sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birlikdə Şuşa istiqamətində irəliləmək və şəhəri azad etmək barədə döyüş tapşırığı alıblar. Bir neçə gün Şuşaya doğru Xocavənd rayonunun Hadrut qəsəbəsi, Böyük Tağlar kəndi, Xocalı rayonunun Çanaqçı, Sığnaq kəndlərindən, dağlıq-meşəlik ərazilərdən keçməklə, Kiçik Kirs zirvəsi, Laçın dəhlizi istiqamətlərində irəliləyiblər. Noyabrın əvvəlində Şuşa ətrafında döyüşlər zamanı ermənilərin Laçın dəhlizi ilə hərəkətinin qarşısı alınıb, yolun üzərindəki bir sıra vacib mövqelər ələ keçirilib. Bundan əlavə, Şuşanın yaxınlığındakı Daşaltı kəndi düşməndən təmizlənib. Beləliklə, bu istiqamətdən Şuşaya həmlələr ediblər. Silahdaşları ilə birgə mətinliklə vuruşan Fərid noyabrın 7-də Şuşanın yaxınlığında düşmənin artilleriyasının atəşi nəticəsində mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub.

Qəbələdəki “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində texnik, Vətən müharibəsi iştirakçısı gizir Xəzər Tahirov qeyd etdi ki, müharibədə qrup komandiri kimi fəaliyyət göstərib. Döyüşlər zamanı dəfələrlə Fəridin mərdliyinin şahidi olduğunu vurğuladı. Füzuli rayonunun Seyidmahmudlu kəndi ətrafındakı adsız yüksəkliklər alındıqda Fəridin həmin əraziyə üçrəngli bayrağımızı sancdığını, o anda sevinc və qürur hissi yaşadıqlarını söylədi. Xəzər bildirdi ki, Fərid Şuşaya da bayrağımızı sancmağı arzulayırdı. Müharibənin sonuna yaxın, Şuşa uğrunda həlledici döyüşdə bir neçə metrliyinə düşərək partlayan mərminin qəlpələri onun həyatına son qoyub. Şəhidin nəşi ayrılmış təxliyyə qrupu tərəfindən döyüş zonasından çıxarılıb.

Vətən müharibəsi iştirakçıları, həmin hərbi hissədə xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunda iriçaplı pulemyot yarımqrupunun komandiri baş çavuş Aşqın Əliyev və xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-qumbaraatan çavuş Vahid Cavadzadə də şəhidin yaxın silahdaşları olublar. Onlar Fəridin vətənpərvər bir hərbi qulluqçu kimi xüsusi təyinatlı dəstədə həvəslə xidmət etdiyini, yoldaşlıqda etibarlı olduğunu, iradə və təmkini ilə seçildiyini vurğuladılar. Ön cəbhədə ilk gündən son döyüşədək xüsusi təyinatlı adına layiq vuruşduğunu və şəhadətə qovuşduğunu bildirdilər.

18 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə Fəridin döyüş meydanında hərbi əməliyyat nəticəsində partlayış və qəlpələrlə zədələnmədən şəhid olduğu barədə qeydlər öz əksini tapıb.

Şəhid hərbi qulluqçu 11 noyabr 2020-ci ildə Bəcrəvan kəndinin qəbiristanlığında dəfn olunub. Fəridin qohumu gizir Təbriz İsayev, məktəbli yoldaşı olmuş Mirnağı Şərifov da Vətən müharibəsi şəhidləridir. Mirnağı ilə Fəridin məzarları yanaşı yerləşir.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 25 dekabr  2020-ci il tarixli sərəncamlarla baş çavuş F.Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bəcrəvan kəndindən 7 nəfər Vətən torpaqları uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, müharibədə iştirak edənlərin bir qismi isə qazi olaraq ön cəbhədən qayıdıb. Rusiyada işləyən həmyerlilərin maddi dəstəyi və yerli sakinlərin köməyi ilə kənddə şəhidlərin xatirəsinə abidə kompleksi yaradılıb.

Bəcrəvan kəndindəki tam orta məktəbdə şəhidlərin şəkilləri əks olunan fotostend hazırlanıb, 10b sinfinə Fəridin adı verilib.

Hüseynovlar ailəsinin yaşadığı evdə şəhidin xatirə guşəsi düzəldilib. Fərid evli idi, ölümündən sonra oğlu dünyaya gəlib, vəsiyyəti nəzərə alınaraq, adını Əbülfəz qoyublar.

Şəhidin qardaşı Murad Hüseynov Beyləqan rayonunda ordu sıralarında hərbi xidmət keçib. Hazırda Cəlilabad Rayon Polis Şöbəsinin post-patrul bölüyündə polis kiçik serjantı olaraq vətəndaşların asayişi keşiyində dayanır.

Şəhidlik müqəddəs zirvə, şəhidlər əbədiyyət sakinləridir. Vətən torpaqlarını öz canları bahasına bütövləşdirən Fərid kimi oğulları qədirbilən xalqımız heç vaxt unutmayacaqdır!

Allah rəhmət eləsin!

Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş