Ötən ay mina və hərbi sursat partlalması nəticəsində 2-si uşaq olmaqla 10 nəfər zərər çəkib

Ötən ay mina və hərbi sursat partlalması nəticəsində 2-si uşaq olmaqla 10 nəfər zərər çəkib

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkdiyi qeydə alınıb. Nəticədə 1 nəfər mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak olub, 2-si uşaq olmaqla 6 nəfər mülki şəxs və 3 hərbçi isə piyadalar əleyhinə mina və PHS-lərin partlamasından yaralanıb.

Bu barədə “Poliqon”a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

2022-ci ilin aprel ayında minalar və PHS-lərlə bağlı hadisələr Tərtər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və PHS-lərdən zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 2 nəfəri həlak olub.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan ərazisində minalardan və (PHS) zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradılması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.

Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar.  Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və PHS-lərə toxunmasınlar”, – deyə Hafiz Səfixanov bildirib.

Poliqon.az

CATEGORIES
TAGS