Ötən il cəbhədə Ermənistan Ordusuna aid 5 PUA məhv edilib – FOTO
Son 3 ildə Ermənistan cəbhədə 25 PUA itirib
2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib.
“AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, məhv edilmiş PUA-lardan biri taktik sinfə aid X-55 “Ptero 5E” PUA-sı olub. Qalan 4 PUA isə multikopter sinfinə aiddir.
Multikopter tipli PUA-ların ikisi “DJİ” şirkətinin istehsalı olan “Phantom” və “İnspire-2”, qalan iki PUA isə Ermənistanda müxtəlif şirkətlər tərəfindən yığılmış multikopterlər olub.
Ermənistana məxsus PUA-lar 2017-ci ilin yanvar ayının 22-si, fevral ayının 25-i, mart ayının 2-si, iyun ayının 21-i və dekabr ayının 25-də vurulub. PUA-lardan 4-ü Qarabağ cəbhəsində, 1-i isə dövlət sərhədində zərərsizləşdirilib.
Qeyd edək ki, 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 20 (2015-ci ildə 10 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.
Ümumilikdə son 3 ildə cəbhədə zərərsizləşdirilən 25 PUA-dan 18-i multikopter, 5-i Rusiya istehsalı olan “Ptero-5E” (Ermənistan SQ-dəki adı X-55 – bundan biri Azərbaycan Ordusu tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib), 2-si Ermənistan istehsalı olan “Krunk” PUA olub.