“Otokar” Cənubi Amerikadakı mövcudluğunu artırmağı hədəfləyir

“Otokar” Cənubi Amerikadakı mövcudluğunu artırmağı hədəfləyir

Türkiyənin qlobal quru sistemləri istehsalçısı “Otokar” şirkəti 9-14 aprel tarixlərində Çilinin Santyaqo şəhərində Cənubi Amerikanın aparıcı aviasiya sərgisi olan FIDAE 2024-də iştirak edir.

“Otokar”dan “Poliqon”a verilən məlumata görə, altı gün davam edəcək sərgidə dünyanın müxtəlif coğrafi şəraitlərində və iqlimlərində sübut olunmuş ARMA 8×8 zirehli nəqliyyat vasitəsini nümayiş etdirəcək.

“Otokar” stendinin ziyarətçiləri şirkətin qüllə sistemləri və zirehli hərbi maşınlar ailəsinin dizaynı və istehsalı haqqında ətraflı məlumat əldə edəcək, həmçinin texnologiya transferi və yerli istehsal sahəsində təcrübə kimi imkanları barədə məlumatlandırılacaqlar.

Bildirilib ki, bölgənin aparıcı sərgilərindən olan FIDAE, “Otokar”a Cənubi Amerikadakı mövcudluğunu artırmaq üçün hazırkı müştəriləri ilə görüşmək və potensial istifadəçilərlə tərəfdaşlıqlar yaratmaqdan ötrü xüsusilə vacibdir.

Hazırda şirkət 4×4, 6×6, 8×8 taktiki təkərli zirehli nəqliyyat vasitələri, tırtıllı texnikalar, insansız zirehli maşınlar və qüllə sistemləri daxil olmaqla geniş çeşiddə müdafiə sənayesi məhsulları dizayn və istehsal edir. “Otokar” məhsulları sağ qalma qabiliyyəti, üstün hərəkət bacarığı və modulluğu ilə tanınır.

NATO və BMT təchizatçısı olaraq, 33 mindən çox “Otokar” hərbi maşını beş qitədə 40-dan artıq ölkədə xidmət göstərir. “Otokar”ın döyüşdə sınanmış təkərli maşınları çətin relyef, ekstremal hava şəraitində xidmət edir və müxtəlif əməliyyatlarda öz performansını nümayiş etdirir. Şirkət dünyanın müxtəlif iqlimlərində və coğrafiyalarında əldə etdiyi təcrübəni avtomobillərin inkişafı və sınaq fəaliyyətlərinə yönəldir.

“Otokar” dizayn, sınaq və istehsal imkanları sayəsində son istifadəçilərin daim dəyişən tələb və ehtiyaclarına tez cavab vermək qabiliyyəti ilə seçilir. “Otokar” şirkəti TƏ-İN (tədqiqat və inkişaf), mühəndislik və sınaq sahəsindəki mükəmməlliyi sayəsində istifadəçilərinin müxtəlif ehtiyac və gözləntilərini təhlil edir, bu tələbləri öz daxilində simulyasiya edir və tələblərə ən sürətli şəkildə cavab verən həllər hazırlayır. Keçən il TƏ-İN xərcləri “Otokar” gəlirinin 4%-nə uyğun olub.

ARMA 8×8 müxtəlif missiyalar üçün amfibiya imkanlarına malik döyüşdə sübut edilmiş modul platformadır. ARMA müasir orduların sağ qalma qabiliyyəti, müdafiə səviyyəsi və hərəkətlilik tələblərinə cavab verir. ARMA 8×8 yüksək missiya daşıma bacarığı və geniş interyerləri ilə yanaşı, aşağı silueti ilə də diqqət çəkir.

Yüksək ballistik və mina mühafizəsinə malik zirehli monokok gövdə 120 mm-ə qədər fərqli spesifikasiyalarda müxtəlif təyinatlı avadanlıq və silah sistemlərini quraşdırmağa imkan verir. ARMA, piyada döyüş maşını, komanda və idarəetmə, hava hücumundan müdafiə, istehkam, ambulans, təmir-bərpa, dəstək və oxşar missiyalar üçün uyğun platformadır.

Hazırda 500-dən çox ARMA avtomobili beş ölkədə doqquz istifadəçiyə xidmət göstərir.

CATEGORIES
TAGS