QuruXəbərlər

“Otokar” Rumıniyada “Automecanica SA” şirkətinin alınması prosesini tamamladı

Türkiyənin “Otokar” şirkəti Rumıniyada bütün hüquqi icazələri alaraq bu ölkənin müdafiə sənayesi şirkətinin satın alınması prosesini tamamlayıb.

Bu barədə “Poliqon” “Otokar” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, bununla Türkiyənin aparıcı quru sistemləri ixracatçısı olan “Otokar” həm Rumıniyada hərbi texnika istehsal müəssisəsinə sahib olub.

Xatırladaq ki, Rumıniya Milli Müdafiə Nazirliyinin zirehli texnika tədarükü layihəsi çərçivəsində “Otokar” 29 aprel 2026-cı il tarixində imzaladığı müqavilə ilə bu ölkədə fəaliyyət göstərən “Automecanica SA” şirkətinin satın alınması prosesinə başlayıb. Lazımi yerli icazələr alındıqdan sonra satınalma prosesi tamamlanıb və “Otokar” Rumıniyadakı şirkəti öz törəmə müəssisələri sırasına daxil edib. Beləliklə, “Otokar” Avropa İttifaqı daxilində istehsal həyata keçirən ilk Türkiyə şirkəti olub.

Rumıniya şirkətinin nizamnamə kapitalının 96,77 faizini əhatə edən və təxminən 85 milyon avro həcmində olan investisiya çərçivəsində Mediaş şəhərindəki istehsal müəssisələri artıq birbaşa “Otokar”ın tərkibində fəaliyyət göstərəcək. Yeni struktur çərçivəsində “Otokar” Rumıniya Ordusu üçün nəzərdə tutulan COBRA II zirehli maşınlarının istehsalını, yığımını, inteqrasiyasını və sınaqlarını Avropada həyata keçirəcək.

Satınalma prosesinin tamamlanması ilə “Otokar” Rumıniyanın müdafiə sənayesi infrastrukturuna uzunmüddətli töhfə verməyi və NATO-nun şərq cinahındakı istehsal və logistika imkanlarını gücləndirməyi hədəfləyir. Mediaşdakı müəssisələrdə həyata keçiriləcək istehsal fəaliyyətləri ilə yanaşı, texnologiya transferi və mühəndislik sahəsində inkişaf layihələrinin də reallaşdırılması planlaşdırılır.

“Otokar”ın baş direktoru Aykut Özüner satınalma prosesinin tamamlanması barədə fikirlərini bildirib: “Rumıniyadakı satınalma prosesinin tamamlanmasını təkcə “Otokar” üçün deyil, həm də Türkiyə müdafiə sənayesinin qlobal rəqabət qabiliyyəti baxımından mühüm addım hesab edirik. Avropa İttifaqı sərhədləri daxilində istehsal imkanına malik olmaq şirkətimizin beynəlxalq müdafiə layihələrindəki rolunu əhəmiyyətli dərəcədə artıracaq. Bu investisiya eyni zamanda Türkiyənin yüksək texnologiyalı istehsal gücünün Avropaya daşınmasının güclü göstəricisidir. Ötən ay bu müəssisələrdə istehsal olunan ilk COBRA II-ni ictimaiyyətə təqdim etmişdik. Qarşıdakı dövrdə Rumıniyada istehsal və təhvil proseslərini sürətlə davam etdirəcəyik”.

Onun sözlərinə görə, bu proses Rumıniya üçün yerli istehsal potensialının inkişafı və NATO standartlarına uyğun dayanıqlı müdafiə sənayesi infrastrukturunun gücləndirilməsi deməkdir.

““Otokar” olaraq iki ölkə arasında texnologiya, mühəndislik və strateji əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaqdan məmnunuq. Rumıniyadakı strukturumuzun Avropadakı və regiondakı yeni müdafiə layihələri üçün mühüm mərkəzə çevriləcəyini gözləyirik”, – deyə Aykut Özüner vurğulayıb.

Qeyd olunub ki, Rumıniyanın Mediaș şəhərində 140 min kvadratmetr ərazidə yerləşən zavodda ilk COBRA II maşınlarının istehsalına başlanılıb. İstehsal edilən ilk COBRA II ötən ay Rumıniyada keçirilən BSDA müdafiə sərgisində nümayiş etdirilib.

Rumıniya Milli Müdafiə Nazirliyinin elan etdiyi 1059 ədəd 4×4 taktiki təkərli yüngül zirehli maşının satın alınması üzrə tenderin nəticəsi olaraq 27 noyabr 2024-cü ildə təxminən 1 milyard avro dəyərində müqavilə imzalanıb. Türkiyənin birdəfəyə həyata keçirdiyi ən böyük zirehli texnika ixracı müqaviləsi hesab edilən bu layihə, eyni zamanda Avropanın ən iri hərbi texnika satınalmalarından biri kimi qiymətləndirilir.

NATO və BMT tərəfindən təsdiqlənmiş təchizatçı statusuna malik “Otokar”ın istehsal etdiyi 33 mindən çox hərbi texnika bu gün 9-u Avropa ölkəsi olmaqla, təxminən 50 ölkədə və 80-dən artıq son istifadəçinin inventarında aktiv xidmət göstərir.

Back to top button