
Türkiyənin aparıcı quru sistemləri ixracatçısı olan “Otokar” şirkəti Rumıniya Milli Müdafiə Nazirliyi ilə imzaladığı rekord ixrac layihəsi çərçivəsində strateji bir investisiya həyata keçirib.
“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, yanvar ayında başlanan prosesdən sonra “Automecanica SA” şirkətinin kapitalının 96,77%-ni təmsil edən payların təxminən 85 milyon avro qarşılığında alınmasına dair müqavilə imzalanıb.
Zəruri yerli hüquqi icazələrin alınmasından sonra satınalma prosesinin tamamlanması planlaşdırılır. Bu addımla “Otokar” Avropa İttifaqı daxilində hərbi istehsal infrastrukturu qurmuş olacaq.
2024-cü ilin noyabrında Rumıniya Milli Müdafiə Nazirliyinin keçirdiyi tenderi qazanan “Otokar” şirkəti Türkiyədə istehsal olunan ilk COBRA II zirehli maşınlarının tədarükünü artıq tamamlayıb və 270-dən çox texnika son aylarda Rumıniyada xidmətə başlayıb. COBRA II-lərin Rumıniyada istehsalı üçün sözügedən müəssisənin satınalma danışıqları ilə paralel olaraq layihə də davam etdirilib. Bu çərçivədə Rumıniyanın Mediaş şəhərində çalışan işçi və texniki heyət üçün iş başı təlim proqramları da başa çatdırılıb.
Mediaş şəhərində 140 min kvadratmetr sahədə yerləşən zavodda COBRA II zirehli maşınlarının kəsimdən qaynağa, boyadan montaja qədər bütün istehsal mərhələləri həyata keçirilə biləcək. İstehsala hazırlıq işləri tamamlanan müəssisə NATO standartlarına uyğun müasir infrastrukturla təchiz edilib. Zavodda istehsalın ilkin mərhələləri artıq başlayıb və montaj xəttinin iyun ayından etibarən fəaliyyətə başlaması planlaşdırılır.
“Otokar”ın baş direktoru Aykut Özüner, şirkətin Avropa müdafiə sənayesi bazarındakı yeni mərhələsi ilə bağlı danışın. O bildirib ki, “Otokar”, qlobal böyümə hədəfləri konteksində atılan bu strateji addımla Avropa İttifaqı sərhədləri daxilində zirehli texnika istehsal edən bir şirkətə çevrilir.
“Rumıniyadakı investisiyamız müqavilə öhdəliklərimizi yerinə yetirməkdən daha geniş məna daşıyır. Müdafiə sənayesində ölkələrin yerli istehsal və texnologiya qabiliyyətlərini artırmağa üstünlük verdiyini görürük. “Otokar” olaraq, biz də dost və müttəfiq ölkələr üçün yalnız təchizatçı deyil, yerli əməkdaşlıq və texnologiya transferi vasitəsilə mühəndislik potensialını inkişaf etdirən etibarlı tərəfdaş olmağı hədəfləyirik. “Otokar”ın Rumıniya Silahlı Qüvvələrinə xidmət etməklə yanaşı, hər iki ölkə iqtisadiyyatına uzun illər dəyər qatacağına inanırıq”, – deyə A.Özüner vurğulayıb.
Qeyd edək ki, “Otokar” şirkəti Rumıniya Milli Müdafiə Nazirliyinin elan etdiyi 1059 ədəd 4×4 taktiki təkərli yüngül zirehli maşın tenderinin nəticəsi olaraq 27 noyabr 2024-cü il tarixində təxminən 857 milyon avro dəyərində müqavilə imzalayıb. Bu layihə Türkiyənin bir dəfədə həyata keçirdiyi ən böyük zirehli texnika ixracı olmaqla yanaşı, Avropada da ən iri hərbi nəqliyyat vasitəsi alışlarından biri hesab olunur.
Müdafiə sənayesi sahəsində NATO və BMT tərəfindən təsdiqlənmiş təchizatçı olan “Otokar”, dünyanın müxtəlif bölgələrində, fərqli iqlim və riskli şəraitlərdə uğurla fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi 33 mindən çox hərbi texnika hazırda 9-u Avropa ölkəsi olmaqla, 50-yə yaxın ölkədə və 80-dən artıq istifadəçinin inventarında aktiv xidmət edir.







