SərgilərXəbərlər

“Otokar” SAHA-2026-da əməkdaşlıqlarını daha da genişləndirməyi hədəfləyir

“Otokar” şirkəti SAHA 2026 sərgisində Türkiyədə dizayn və istehsal olunan zirehli maşınlarını nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, şirkətin müxtəlif tapşırıq və əməliyyat ehtiyacları üçün hazırladığı COBRA II, ARMA 8×8, ARMA 6×6 təkərli zirehli maşınları ilə yanaşı, TULPAR tırtıllı zirehli döyüş maşını da sərgi ziyarətçilərinə təqdim olunur.

“Otokar”ın baş direktoru Aykut Özüner fikirlərini bölüşərək, şirkətin SAHA 2026 sərgisində iştirakı və qlobal hədəfləri barədə danışıb: “Türkiyənin qlobal müdafiə sənayesi markası olaraq təcrübəmiz, mühəndislik, Tə-İn və istehsal sahəsindəki imkanlarımız, eləcə də döyüş meydanında özünü təsdiqləmiş məhsullarımızla dünya nəhəngləri ilə rəqabət aparırıq. Bu gün Türkiyə müdafiə sənayesini 5 qitədə, 50-yə yaxın ölkədə uğurla xidmət göstərən maşınlarımızla təmsil etməkdən və quru platformaları sahəsində ardıcıl ikinci dəfə Türkiyənin ixrac lideri olmaqdan qürur duyuruq”.

Baş direktor bildirib ki, “Otokar” xarici bazarlarda da uğurlu layihələr həyata keçirir: “Geniş məhsul çeşidimizdə yer alan maşınlarla xaricdə bir çox müxtəlif layihələrlə yaxından maraqlanır, qlobal bazarlardakı mövqeyimizi hər gün daha da genişləndiririk. “Otokar” dünya üzrə tender və satınalma layihələrində adından söz etdirən güclü və etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin ən böyük müdafiə sərgilərindən biri olan SAHA 2026-da mövcud və potensial istifadəçilərimizlə bir araya gəlməyi və əməkdaşlıqlarımızı genişləndirməyi hədəfləyirik”.

“Otokar”ın Türkiyə müdafiə sənayesinə töhfələrinə də toxunan A.Özüner, quru platformaları sahəsində bir çox ilkə imza atdıqlarını vurğulayıb. Təxminən 40 ildir Türkiyə Silahlı Qüvvələrinə və təhlükəsizlik qurumlarına xidmət göstərməkdən şərəf duyduqlarını söyləyən baş direktorun sözlərinə görə, Türkiyə Ordusunda və təhlükəsizlik qüvvələrində müxtəlif tapşırıqlarda uğurla istifadə olunan “Otokar” istehsalı maşınlar qlobal bazarlarda şirkətin ən böyük istinad mənbəyidir.

“Son olaraq ASELSAN şirkətinin baş podratçılığı ilə həyata keçirilən MİLKED (V/UHF Elektron Dəstək Sistemi) layihəsində ARMA 6×6 zirehli maşınımız Quru Qoşunları Komandanlığının istifadəsi üçün nəzərdə tutulan kritik elektron sistemlərə uyğun xüsusi şəkildə hazırlanıb. Əməkdaşlığımız digər layihələrdə də davam edir. Yenə ASELSAN-ın baş podratçılığı ilə icra olunan SERHAT minaatan aşkarlama radarı layihəsi, TUMSİS, EOS, YENER, EJDERHA və KORKUT layihələri çərçivəsində xüsusi tapşırıqlar üçün maşınlar hazırlayır və tədarük edirik. Ölkəmizin müdafiə sənayesi hədəfləri istiqamətində hər zaman vəzifəyə hazırıq”, – deyə “Otokar”ın baş direktoru A.Özüner bildirib.

Qeyd edək ki, “Otokar” SAHA 2026-da COBRA II, ARMA 8×8, ARMA 6×6 və TULPAR zirehli texnikalarını sərgiləyir. COBRA II, DASAL şirkətinin hazırladığı maşın üzərində yerləşdirilən PUA stansiyası ilə nümayiş etdirilir. ARMA 6×6 və ARMA 8×8 maşınları 30 mm-lik MIZRAK döyüş modulu ilə təqdim olunur. TULPAR isə ASELSAN istehsalı olan KORHAN qüllə sistemi ilə sərgilənir.

Back to top button