“Otokar” şirkəti “Cobra-II” zirehli maşının MRAP versiyasını hazırlayıb
Türkiyənin “Otokar” şirkəti “Cobra-II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayıb.
Bu barədə “Poliqon”a “Otokar” şirkətindən məlumat verilib.
Yeni nəsil “Cobra-II” MRAP yüksək ballistik müdafiə ilə yanaşı heyəti mina partlayışlarından qoruyur. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib. Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP-lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib.
Şirkət mütəxəssislərinin sözlərinə görə, “Cobra-II” MRAP-ın hazırlanmasında “Otokar” nəqliyyat vasitələri sahəsindəki 35 ilə yaxın təcrübə və informasiya bazasınından istifadə edib. “Cobra-II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir.
Zirehli maşın heyəti ballistik təhdidlərdən, o cümlədən mina, əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhlükələrindən qoruyur. Habelə bunu edərkən “Cobra-II” zirehli maşını ilə oxşar manevr və komfort parametrlərini özündə saxlayır.
Bildirilib ki, nəqliyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP istifadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina partlayışından üstün mühafizə təmin edir.
“Cobra-II” MRAP-ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra-II” MRAP-ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır.
“Cobra-II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir.
MRAP-ın xüsusi dizaynı, yüksək etibarlığı, təmir rahatlığı və güc paketi ona sahə şəraitində belə bütünlüklə və sürətli yığılmasına/sökülməsinə imkanı verir.
Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra-II” MRAP-a fərqli silah sistemlərinin və xidmət avadanlıqlarının inteqrasiyasına şərait yaradır.
Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, üç və ya beş qapılı olaraq konfiqurasiya edilə bilər.