“Otokar” zirehli maşınları Malayziya yollarında

“Otokar” zirehli maşınları Malayziya yollarında

Asiya-Sakit okean regionunda mövcudluğunu gücləndirməyi hədəfləyən Türkiyənin “Otokar” şirkəti 28-31 mart tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində keçirilən DSA-2022 (Defence Services Asia 2022) sərgisində iştirak edir.

“Otokar” şirkətindən “Poliqon”a verilən məlumata görə, sərgi çərçivəsində şirkət “Arma 6×6” və “Cobra II” zirehli maşınlarını nümayiş etdirir.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc “Otokar” mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına istehsal edilən zirehli maşınların beş qitədə aktiv şəkildə istifadə edildiyini bildirib. Onun sözlərinə görə, NATO və BMT təchizatçısı kimi “Otokar”ın hərbi maşınları 35-dən çox ölkədə 55-ə yaxın son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafiyi ərazilərdə aktiv şəkildə xidmətdədir.

““Otokar” həm də texnologiya transferi və yerli istehsal imkanları ilə seçilir. Bu baxımdan, bizim geniş çeşidli avtomobillərimizin uzun illər uğurla fəaliyyət göstərdiyi Asiya-Sakit Okean regionu “Otokar” üçün xüsusilə vacibdir. Müştərilərimizin mövcud və gələcək tələblərinə cavab vermək üçün regionda fəaliyyətimizi genişləndirməyi hədəfləyirik. Biz müasir orduların və təhlükəsizlik qüvvələrinin cari və gələcək tələblərini nəzərə alaraq quru sistemlərində innovativ həllər təqdim etməyə davam edirik. Bu kontekstdə DSA-da texnologiyanın ötürülməsi yolu ilə yerli istehsal modelləri də daxil olmaqla əməkdaşlıq imkanlarına diqqət yetiririk”, – deyə “Otokar” şirkətinin baş direktoru vurğulayıb.

Sərdar Görgüc bildirib ki, “Otokar” şirkəti son on ildə gəlirlərinin təxminən 8 faizini “Ar-Ge” xərclərinə ayırır: “Otokar” beynəlxalq miqyasda tanınan, real döyüşdə sübut edilmiş təkərli və paletli platformaların dizaynı, inkişafı və sistem inteqrasiyası sahəsindəki təcrübəsi ilə fərqlənir. “Otokar” zirehli maşınlarının üstün hərəkətliliyi və modulluğu çətin ərazilərdə və ekstremal hava şəraitində onların sağ qalma qabiliyyətini artırır”.

COBRA II

4×4 təkər formuluna sahib “Cobra II” zirehli maşını yüksək səviyyəli qoruma, faydalı yükgötürmə qabiliyyəti və geniş daxili həcm ilə seçilir. Üstün hərəkət qabiliyyətinə malik “Cobra II” sürücü və komandir də daxil olmaqla 10 nəfər heyəti daşıya bilir. Taktik təkərli zirehli nəqliyyat vasitəsi mina, improvizə edilmiş partlayıcılar və ballistik təhdidlərə qarşı üstün qorumanı təmin edir.Otokar Cobra II

“Cobra II” dünyanın müxtəlif yerlərində, ən çətin ərazi və iqlim şəraitində sınaqdan keçirilir və minlərlə mil məsafə qət edib. Xüsusilə geniş çeşiddə silah və missiya avadanlığı inteqrasiyası seçimləri üçün dizayn edilən “Cobra II” təcili yardım, komanda-nəzarət, kəşfiyyat, sərhəd mühafizəsi, eləcə də daxili təhlükəsizlik və sülhməramlı missiyalarda uğurla istifadə edilir. COBRA II-nin modul quruluşu həmçinin avtomobili personal daşıyıcısı, silah platforması, yerüstü müşahidə radarı və KBRN kəşfiyyat vasitəsi üçün çevik platformaya çevirir.

“Cobra II” 400 mm hündürlüyündə dik maneələri, 900 mm enində xəndəkləri və yarğanları dəf edə, 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bilir. Zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş maşının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərinin təzyiqinin avtomatik tənzimlənməsi sistemi, run-flat təkərlər, avtomatik yanğınsöndürmə, ABC əyləc, mina partlayışının təsirini azaldan oturacaqlarla təchiz edilir.

ARMA 6×6

“Otokar” şirkətinin “Arma 6×6” təkər formuluna malik zirehli maşını üstün hərəkət qabiliyyətinə malikdir. Yüksək mina və ballistik mühafizə təmin edən “Arma 6×6” zirehli maşının dizaynı ona orta və yüksək çaplı silah sistemlərinin inteqrasiyasına imkan verir. “Arma 6×6” xüsusilə yükgötürmə qabiliyyəti və geniş daxili həcmi ilə seçilir. Yüksək taktiki və texniki xüsusiyyətlərə malik “Arma 6×6”nın ən çətin ərazi və iqlim şəraitində sülhməramlı və humanitar yardım əməliyyatları üçün müxtəlif konfiqurasiyaları mövcuddur.

“Arma 6×6” zirehli transportyoru müşahidə, xilasetmə, zirehli personal daşıyıcısı, zirehli döyüş maşını, komanda idarəetmə, kəşfiyyat və KBRN kəşfiyyat vasitəsi kimi müxtəlif missiyalarda istifadə oluna bilər.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS