“Otokar” zirehli maşınları SAHA EXPO-da sərgilənir
Türkiyənin “Otokar” şirkəti 25-28 oktyabr tarixlərində İstanbulda keçirilən SAHA EXPO Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik sənaye sərgisində özünün qabaqcıl məhsullarını nümayiş etdirir.
“Otokar”dan “Poliqon”a verilən məlumata görə, şirkət sərgiyə qlobal bazarda tanınan və tələbat olan “Tulpar”, “Arma” 8×8, “Cobra II” və “Akrep II” zirehli maşınları, habelə döyüş modulları ilə qatılıb.
Bildirilib ki, “Otokar” şirkəti SAHA EXPO-da “Cobra II”nin zirehli təcili tibbi yardım variantını, 90 mm-lik döyüş modulu ilə “Akrep II”-nin dizel mühərrikli modelini, 30 mm-lik “Mızrak” döyüş modulu ilə “Tulpar” və “Arma” 8×8 döyüş maşınlarını sərgiləyir.
“Otokar”ın zirehli maşınları NATO üzvləri də daxil olmaqla dünyanın 35 ölkəsində və 55-dən çox müxtəlif hərbi bölmə tərəfindən aktiv şəkildə istifadə edilir.
“Tulpar” ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” piyadanın döyüş maşını hərəkət qabiliyyəti, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-a qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, modulluğun gələcəyə yönəlmiş perspektivi sayəsində geniş çeşidli zirehli texnika variantlarında ümumi şassi və komponentlərdən istifadə edilməklə əməliyyat çevikliyi artırılacaq.
Dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilmiş “Tulpar”, təhlükələrə uyğun olaraq konfiqurasiya edilə və miqyaslana bilən zireh quruluşu ilə öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir. “Tulpar”, yüksək atəş gücü tələb edən missiyalarda effektiv həll təmin etməklə yanaşı, müxtəlif yaşayış məntəqələri və yüngül körpülərdən tutmuş meşəlik ərazilərə, xüsusən də əsas döyüş tanklarının işləyə bilmədiyi yumşaq səthlərə qədər hər cür döyüş mühitində xidmət göstərə bilir.
“Arma” 8×8 üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25-30 mm orta çaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uygundur.
Döyüş ağırlığı 24000 kq olan maşın 6 silindirli, su soyutumlu turbo dizel mühərrikə sahibdir və 336 at gücündədir. Maşının yanacaq deposu 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyyatı 700 km təşkil edir. “Arma” 8×8 transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşyır. Personalın oturacaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb. “Arma” 8×8 modelinin zirehli personal daşıyıcı, zirehli döyüş maşını, minaatan maşını, aşağı və orta yüksəklikdə hava hücumundan müdafiə maşını, istehkam maşını, zirehli təxliyyə, komanda nəzarət, KBRN kəşf və kəşf maşını kimi fərqli tapşırıqlara uyğun versiyaları mövcuddur. “Arma” 8×8 maşınları deşilən təkərləri mərkəzi təkər doldurma sistemi (CTİS) ilə bərba edir.
2019-cu ildə “Otokar” şirkəti “Akrep” zirehli maşın ailəsinin “Akrep IIe” elektrik versiyası, IDEF-2021 sərgisində ilk dəfə “Akrep IId” dizel versiyasını nümayiş etdirib. Həmçinin, bu il “Akrep II”nin hibrid versiyasının təqdimatını planlaşdırıb. “Akrep II” istifadəçilərin hər cür kəşfiyyat və müşahidə əməliyyatları daxil olmaqla, çox sayda silah sistemlərinin inteqrasiyasına imkan verən, kiçik siluetli, yüksək ballistik qorumalı zirehli maşın ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanıb. “Akrep II”-də sükan, sürətlənmə və əyləc kimi sistemlərin əsas mexaniki komponentləri elektriklə idarə olunur (drive-by-wire). Bu funksiya da avtomobili uzaqdan və avtonom idarəetməyə imkan verir.
“Cobra II Ambulans” istifadəçiyə ərazidə yüksək səviyyəli hərəkət qabiliyyəti, mina və ballistik qoruma təmin edir. Zirehli maşın yaralı personala təcili tibbi yardımın göstərilə bilməsi bütün imkanlar ilə təchiz olunub. “Cobra II”nin çəkisinin yüngül olması şəxsi heyətə palçıqda və yumuşaq səthli ərazidə asan hərəkət edərək döyüş meydanının içlərinə qədər irəliləməsinə və yaralılara ilkin tibbi müdaxilə olunduqdan sonra təxliyyəsinə imkan verir. Təcili yardım maşını kimi xidmət etməsi üçün standart “Cobra II”-nin hündürlüyü və eni buna uyğun olaraq artırılıb, daxili həcminin genişliyi təmin edilib. Arxa qapı xüsusi olaraq təcili yardım maşınları üçün rampa formasında hazırlanıb. “Cobra II Ambulans” sürücü, komandir və tibb işçiləri istisna olmaqla “2 oturan və 1 yatan” yaxud “2 yatan” xəstəni qəbul edə bilən iki fərqli konfiqurasiyaya malikdir.