“Otokar”ın zirehli maşınları Latın Amerikasında
Türkiyənin “Otokar” şirkəti 29 noyabr – 1 dekabr tarixlərində Kolumbiyanın Boqota şəhərində keçirilən “Expodefensa-2021” sərgisində özünün zirehli maşınlarını nümayiş etdirir.
Bu barədə “Poliqon”a “Otokar” şirkətindən məlumat verilib.
Məlumatda bildirilib ki, “Expodefensa-2021” sərgisində “Otokar” 4×4, 6×6, 8×8 təkər formuluna malik zirehli və tırtıllı zirehli maşınlarını, o cümlədən qüllə sistemlərini təqdim edir. “Otokar” stendini ziyarət edənlərə şirkətin texnologiya transferi və yerli istehsalı özündə birləşdirən çevik biznes modeli haqqında məlumat verilir.
“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, NATO və Birləşmiş Millətlər Təşkilatının təchizatçısı olan “Otokar”ın döyüş maşınları hazırda Latın Amerikası da daxil olmaqla müxtəlif ölkələrdə bir neçə fərqli missiyada aktiv şəkildə istifadə olunur: ““Expodefensa-2021” sərgisi potensial müştərilərimizlə bir araya gəlmək üçün yaxşı fürsətdir. Hərbi maşınlarımız vasitəsilə bu bölgənin ehtiyaclarını qarşılamaqla əhəmiyyətli dərəcədə təcrübə qazana bilmişik. Sərgi zamanı geniş məhsul çeşidimizi tanıtmaqla yanaşı, regionda “Otokar” maşınlarının dəstəyini lokallaşdırmaq üçün sənaye əməkdaşlığının qurulması imkanlarını da araşdıracağıq. Həmçinin “Otokar”ın texnologiya transferini və yerli istehsal layihələrini qiymətləndirməyə hazırıq,” – deyə Sərdar Görgüc qeyd edib.
Bildirilib ki, quru nəqliyyat vasitələrinin dizaynı, istehsalı və sistem inteqrasiyası sahəsində təcrübəsi ilə fərqlənən “Otokar” 4×4 təkər formuluna malik “Cobra”, “Cobra II”, “Cobra II MRAP”, “Akrep II”, “Ural”, “Kaya II”, “Arma 6×6” və “Arma 8×8” də daxil olmaqla geniş çeşiddə zirehli döyüş maşınları dizayn və istehsal edir. “Otokar” məhsulları üstün hərəkət qabiliyyəti və modulluğu ilə tanınır. “Otokar”ın döyüş sınaqlarından keçmiş təkərli maşınları çətin relyef, ekstremal hava şəraitində xidmət edir və müxtəlif əməliyyatlarda öz performanslarını nümayiş etdirir.
“Otokar”ın “Tulpar” tırtıllı zirehli maşın ailəsi müasir silahlı qüvvələrin tələblərinə cavab vermək üçün balistik, mina mühafizəsi və yüksək daşıma qabiliyyəti ilə çoxməqsədli PDM platforması kimi dizayn edilib. “Tulpar” mobillik, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. Ən çətin iqlim və ərazi şərtlərində sınaqdan keçirilmiş “Tulpar” yüksək atəş və məhvetmə tələb edən missiyalarda təsirli bir həll təmin etməklə yanaşı hər cür döyüş mühitində xidmət edə bilir. “Tulpar” ailəsinin “Tulpar” orta tankı 105 mm-lik silah sistemi ilə inteqrasiya olunub və yüksək atəş gücü ilə ən müasir həllər təqdim edir.