Özbəkistanın C-390 “Millennium” hərbi nəqliyyat təyyarəsi sifariş etdiyi açıqlanıb

Özbəkistanın C-390 “Millennium” hərbi nəqliyyat təyyarəsi sifariş etdiyi açıqlanıb

Braziliyanın “Embraer” şirkəti Sinqapur Aviasiya Sərgisində daha əvvəl sifarişçisi açıqlanmayan C-390 “Millennium” hərbi nəqliyyat təyyarəsinin alıcısının Özbəkistan olduğunu rəsmən elan edib.

“Poliqon” “Embraer”ə istinadən xəbər verir ki, C-390 “Millennium” təyyarələri Özbəkistan Hərbi Hava Qüvvələrinin aviasiya parkına daxil ediləcək və əsasən nəqliyyat, eləcə də humanitar missiyaların icrasında istifadə olunacaq.

Bu addım ölkənin hərbi nəqliyyat aviasiyası imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, Mərkəzi Asiyada bu təyyarəni istismar edən ilk ölkə Özbəkistan olacaq.

XXI əsrdə hazırlanmış C-390 “Millennium” öz sinfində ən müasir hərbi nəqliyyat təyyarələrindən biri hesab olunur. Təyyarə 26 tona qədər faydalı yük daşımaq, 470 düyün sürətlə uçmaq və uzun məsafəli əməliyyatlar həyata keçirmək imkanına malikdir. O, tibbi təxliyə, humanitar dəstək, axtarış-xilasetmə, yük və şəxsi heyət daşınması, dəqiq hava yükləmələri, paraşütçü əməliyyatları və havadan-havaya yanacaq doldurma tapşırıqları da daxil olmaqla, geniş çeşiddə hərbi və mülki missiyaları yerinə yetirə bilir.

CATEGORIES
TAGS