Pakistan “Super Mushshak” təlim təyyarələrinin daha bir partiyasını Türkiyəyə çatdırıb – VİDEO

Pakistan “Super Mushshak” təlim təyyarələrinin daha bir partiyasını Türkiyəyə çatdırıb – VİDEO

Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkəti Türkiyə Hərbi Hava Qüvvələrinə daha 5 ədəd “Super Mushshak” (Super Muşşak) təlim təyyarəsi təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2016-cı ildə Pakistanın Kəraçi şəhərində keçirilən IDEAS-2016 sərgisi çərçivəsində Türkiyə və Pakistan arasında MFI-395 “Super Mushshak” təyyarələrinin alqı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq Pakistanın Türkiyəyə 52 ədəd “Super Mushshak” təlim təyyarəsi ixrac etməsi nəzərdə tutulub.

PAC şirkətinin istehsal etdiyi “Super Mushshak” təlim təyyarəsi bu gün dünyada öz sinfində həm təhlükəsizliyinə və imkanalarına, həm də qiymətinə görə ən münasib təyyarələrdən hesab olunur. İstehsalçının bildirdiyinə görə, təyyarə hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlüksəzlik standartlarına tam cavab verir.

“Super Mushshak” təlim təyyarəsi olaraq nəzərdə tutulduğu üçün tandem oturacaqlıdır və heyəti 2 nəfərdir. Onun uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m və hündürlüyü 2.6 metrdir. Bir ədəd 260 at gücündə Textron Lycoming IO-540 V4A5 (6 silindr) mühərriklə təchiz edilmiş təyyarənin maksimum sürəti 268 km /saat, kreyser sürəti 240 km/saat, birbaşa uçuş uzaqlığı 814 km, havada qalma müddəti 4 saat 15 dəqiqə və uçuş hündürlüyü 6705 metr təşkil edir. Uçuş ağırlığı 1250 kq təşkil edən təyyarə xarici asqılarında 300 kiloqram yükgötürmə qabiliyyətinə sahibdir.

“Super Mushshak” təyyarələrindən əsasən pilotlara ilkin uçuş, manevr, döyüş və pilotaj bacırıqlarını qazandırmaq üçün istifadə olunur. O, döyüş pilotu yetişdirlməsi işində əyani uçuş kursunun ilkin mərhələsini təşkil edir. Burada pilotlar əyani olaraq ilkin uçuş vərdişlərinə yiyələndikdən və onları möhkəmləndirdikdən sonra növbəti mərhələdə reaktiv mühərrikli təlim təyyarələrinə keçid edirlər.

Qeyd edək ki, “Super Mushshak” təlim məqsədləri ilə yanaşı, döyüş tapşırıqlarını da yerinə yetirə bilir. Bu zaman təyyarəni 300 kiloqram ağırlığındakı bomba və raketlərlə yükləmək mümkündür. Hazırda “Super Mushshak” təyyarələri Pakistan, Azərbaycan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Oman, İran və CAR Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir.

CATEGORIES
TAGS