Pakistan yeni tankının sınaqlarını keçirib

Pakistan Ordusu tərəfindən silahlanmaya yeni qəbul edilmiş Çin istehsalı olan VT-4 tankının sınaqları keçirilib.

Azeri Defence saytının bildirdiyinə görə, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Sentyabrın 22-də keçirilən sınaqların Pakistan Ordusunun rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyi bildirilib.

Sınaqları Pakistan ordusunun rəisi general Qamar Bacva da izləyib.

China North Industries Group Corporation (NORINCO) törəmə şirkəti olan “Inner Mongolia First Machinery Group” şirkəti Pakistana yeni VT-4 əsas döyüş tanklarının çatdırılmasına aprel ayında başlayıb.

Pakistan Çindən mövcud variantlarla müqayisədə daha güclü – 1500 at gücündə mühərriklə və FY-4 ERA reaktiv zirehlə təchiz edilmiş 300 ədəd VT-4 tankı almağı planlaşdırır.

Çəkisi 52 ton təşkil edən tankın heyəti 3 nəfərdir. Tankın əsas silahı 125 mm çaplı topdur. Bundan başqa, tankın üzərində 1 ədəd 12,7 mm çaplı pulemyotla silahlandırılmış, qüllənin daxilindən idarə olunan döyüş modulu və bir ədəd 7.62 mm çaplı pulemyot mövcuddur.

VT-4 tankının Malayziya, Nigeriya və Tailanda ixrac olunan variantları 1300 at gücündə dizel mühərriklə təchiz olub.

Tankın gediş ehtiyatı 500 km, maksimum sürəti 70 km/saat təşkil edir.

 

CATEGORIES
TAGS