
Pakistanda “Fatah-1” raketi sınaqdan keçirilib
Pakistan Silahlı Qüvvələri “Fatah-1” (“Fəth-1”) yaylım atəşli reaktiv sistemi üçün öz reaktiv mərmisinin sınaq buraxılışını yerinə yetirib.
“Poliqon” xəbər verir ki, Milli Müdafiə Nazirliyinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr bölməsinin (ISPR – Inter-Services Public Relations) açıqlamasına görə sınaqlar uğurla keçirilib.
Bildirilib ki, silah sistemi Pakistan ordusunun düşmən ərazisinin dərinliyindəki hədəfləri yüksək dəqiqliklə vurmasına imkan verəcək.
“Fatah-1”, 140 km məsafədəki hədəfləri zərərsizləşdirmək, qarşısını almaq və məhv etmək üçün təyin edilmiş “yer-yer” sinfinə aid raket silah sistemidir. YARS adi döyüş başlıqlı idarə olunan reaktiv döyüş sursatları ilə atəş aparmağa qadirdir.
Qeyd edək ki, bu sınaq “Fatah-1” YARS-ın ikinci uçuş sınağıdır. Birinci sınaq 2021-ci ilin yanvar ayında baş tutub.
Yeni raket sisteminin atış mənzilindən başqa digər texniki xüsusiyyətləri açıqlanmayıb.
Pakistan Prezidenti Dr. Arif Alvi, Baş nazir İmran Xan, Baş Qərargah Rəisləri Komitəsinin (CJCSC) rəhbəri Nadeem Raza və Ordu Baş Qərargahı (COAS) rəhbəri Qamar Javed Bajwa iştirak edən hərbiçiləri və elm adamlarını uçuş sınaqlarının aparılmasında əldə edilmiş uğurlar münasibətilə təbrik ediblər.
Əhəd Əzizov