
ASFAT şirkəti 40 ədəd PANTER özüyeriyən artilleriya qurğusunun (ÖAQ) Türkiyə Quru Qoşunlarına tədarükünü qarşıdakı 9 ay ərzində tamamlayacaq.
“Poliqon”un xəbərinə görə, bunu ASFAT-ın baş direktoru Mustafa İlbaş jurnalist Mövlud İşliyə verdiyi müsahibədə deyib.
O bildirib ki, PANTER özüyeriyən artilleriya qurğusu artıq Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edilib və ümumilikdə 40 ədəd sistem təhvil veriləcək.
Baş direktorun sözlərinə görə, ilk dörd ədəd ÖAQ artıq təhvil verilib. Qalan 36 ədəd isə hər biri 12 sistemdən ibarət olmaqla üç mərhələdə çatdırılacaq.
“Hər bir partiyanın hazırlanması təxminən 2,5-3 ay çəkir. Qarşıdakı 9 ay ərzində qalan 36 ədədi də tamamlayaraq ümumilikdə 40 ədəd PANTER-i təhvil vermiş olacağıq”, – deyə Mustafa İlbaş vurğulayıb.
Qeyd edək ki, 8×8 təkər formullu şassi üzərində qurulan PANTER özüyeriyən artilleriya qurğusunun maksimal hərəkət sürəti 80 km/saat, hərəkət məsafəsi isə 600 kilometr təşkil edir. ÖAQ 600 at gücündə mühərrik və avtomatik transmissiya ilə təchiz olunub.
PANTER 2 dəqiqədən az müddətdə atışa hazır vəziyyətə gətirilə və eyni müddətdə mövqeyini dəyişə bilir. ÖAQ-ın döyüş dəsti 24 ədəd sursatdan ibarətdir. Onun əsas silahı bütün NATO standartlı 155 mm sursatlarla uyğun olan 155 mm 52 kalibrlik topdur və atış tempi dəqiqədə 6 atım təşkil edir. Bundan əlavə, ÖAQ 7,62 mm-lik ikinci dərəcəli silahla da təchiz edilib.




