
“Panter” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) ən mühüm imkanlarından biri xüsusi döyüş sursatı ilə 40 kilometrədək atəş məsafəsi təmin etməsidir.
Bu barədə “Poliqon”a jurnalına müsahibəsində ASFAT şirkətinin İş İnkişafı direktoru Hakan Topçu bildirib.
O vurğulayıb ki, hazırda 155 mm-lik haubitsalar, xüsusilə transsərhəd əməliyyatlarda böyük əhəmiyyət daşıyır: “Dəqiq atəş imkanları sayəsində geniş ərazidə effektiv atəş dəstəyi təmin edir. “Panter”in texniki xüsusiyyətlərinə baxdıqda ən mühüm imkanlarından biri xüsusi döyüş sursatından istifadə edildikdə 40 kilometrədək atəş məsafəsi təmin etməsidir”.
Onun sözlərinə görə, sistemin çəkisi təxminən 40 tondur və istənilən relyef şəraitinə uyğunlaşa bilməsi üçün 8×8 platformaya üstünlük verilib. Üzərində yerləşən mexanizmlər və alt sistemlər ekipajın sistemi sürətli və səmərəli idarə etməsinə imkan verəcək şəkildə hazırlanıb. Beləliklə, sistem sahə şəraitində operatorlar tərəfindən etibarlı və səmərəli şəkildə istismar oluna bilir.
““Panter”in ən mühüm üstünlüklərindən biri iki dəqiqə ərzində atəş mövqeyini dəyişə bilməsi və dəqiqədə 6-8 mərmi ata bilməsidir. Bu xüsusiyyət analoji sistemlərlə müqayisədə mühüm üstünlük yaradır. Bundan əlavə, platformanın kütləsi və konstruktiv sabitliyi atəş zamanı sistemin mövqeyini qorumasına və yüksək atəş dəqiqliyinin saxlanılmasına imkan verir. Bu da “Panter”in əsas üstünlüklərindən biridir”, – deyə Hakan Topçu qeyd edib.




