“Paramount Group” “Mbombe-4” maşını üçün yeni zireh hazırlayıb

“Paramount Group” “Mbombe-4” maşını üçün yeni zireh hazırlayıb

Cənubi Afrika Respublikasının (CAR) “Paramount Group” şirkəti 4×4 təkər formuluna malik yeni nəsil “Mbombe-4” zirehli transportyor üçün yeni əlavə zireh hazırlayıb.

“Paramount Group” şirkətindən “Poliqon”a verilən məlumata görə, yeni zireh dəsti sınaqdan keçirilib və sertifikatlaşdırılıb. Yeni zireh dəsti “Mbombe-4” transportyorunun mühafizə keyfiyyətini artıraraq, NATO-nun STANAG 4569 Level 3 standartınına uyğun hazırlanıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, sahədə tez bir zamanda dəyişdirilə bilən əlavə zireh, çox zərbəli ballistik təhdidlərə, artilleriya mərmilərinin qəlpəsinə və yaxınlıqdakı mina və əldəqayırma partlayıcı qurğuların (ƏPQ) partlayışlarına qarşı maksimum mühafizə təmin edər. Yeni zireh dəsti “Mbombe-4”ə ən az çəki əlavə edən yüngül bir qoruyucu sistemlə əhatə edilib.

Mbombe 4 1

Dövlətlərin öz müdafiə sənaye qabiliyyətlərinin inkişafı üçün artan tələbinə cavab olaraq, ixrac üçün xüsusi olaraq hazırlanmış və inkişaf etdirilən “Mbombe-4” transportyoru ilk dəfə 2019-cu ildə qlobal bazara çıxarılıb.

CAR-ın Elmi və Sənaye Tədqiqatları Mərkəzinin (CSIR) “Landward Sciences” laboratoriyası tərəfindən “Mbombe-4” zirehli maşının yüksək beynəlxalq spesifikasiyalara uyğun olaraq partlayış sınaqları keçirilib. Sınaqlar zamanı “Mbombe-4”ün təkərinin və gövdəsinin altında 10 kq, yanda 5 metr məsafədə 50 kiloqram TNT ekvivaletində partlayışlar imitasiya edilib. Bununla da zirehli maşının partlayışlara qarşı davamlılığı CSIR kimi tanınmış beynəlxalq mərkəz tərəfindən sertifikatlaşdırılıb.

“Paramount Group” şirkətinin icraçı direktoru John Craig bildirib ki, “Mbombe-4” onilliklər boyu real dünya döyüş təcrübəsinin və şirkətin daimi yeniliyə bağlılığının nəticəsidir: “2021-ci il və ondan sonrakı illərdə baş verəbiləcək asimmetrik təhlükələrin öhdəsindən gəlmək üçün davamlı olaraq yüksək səviyyəli həll yollarını araşdırmağa və inkişaf etdirməyə davam edirik. Bu, işimiz üçün vacib olan və dünya miqyasında əməkdaşlığımızın davamlı inkişafını təmin edən bir missiyadır”.

Mbombe 4.2Qabaqcıl mina mühafizəsi texnologiyalarına sahib olan “Mbombe-4” transportyoru çətin relyeflərdə 140 km/saat sürətə malikdir. Nəqliyyat vasitəsinin gediş ehtiyatı 800 km təşkil edir. “Mbombe-4” üstün mühafizə üçün artan tələbatı optimal şəkildə qarşılaya biləcək müstəqil asma sisteminə malikdir. Maşının mühərriki ön hissədə yerləşir və mərkəz xətti üzrə yerləşən adi və ya “in-line” transmissiya hesabına güc təkərlərlə paylaşılır. “Mbombe-4” terrorla mübarizə, sərhəd patrulu, daxili təhlükəsizlik və sülhməramlı missiyalarda istifadə olunması uyğundur.

Müasir müharibənin tələblərinə cavab verən “Mbombe-4” Birləşmiş Ərəb Əmirliklərinin sifarişlərini və Hindistanın “Bharat Forge” şirkəti ilə əməkdaşlıq edərək dünyanın bir çox silahlı qüvvələri ilə bir sıra ekstremal sınaqları da uğurla tamamlayıb.

Məlumatda o da qeyd olunub ki, “Mbombe-4” minaya qarşı etibarlı mühafizə  təmin etməkdən əlavə, texniki taktiki xarakteriskasına görə, dünyanın əksər ordularında istifadə edilən BMP və BTR tipli transportyorlardan üstün göstəricilərə malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS