Pentaqon “Javelin” raketləri sifariş edib
ABŞ Müdafiə Nazirliyi FGM-148 “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) üçün raketlərin tədarükü barədə “Javelin JV” konsorsiumu ilə müqavilə imzalayıb.
“Poliqon” “ZbiAM” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Dəyəri 176 milyon ABŞ dolları olan müqavilənin şərtlərinə görə, raketlərin tədarükü 2023-cü ilin noyabr ayının sonuna qədər tamamlanmalıdır. Bu, belə tip silahların istehsalını və tədarükünü əhatə edən uzunmüddətli müqaviləyə bir əlavəni əhatə edir. İmzalanmış əlavə müqavilə əsasında tədarük ediləcək partiyanın alıcısı ABŞ Ordusu və xarici müştərilər – FMS (Foreign Military Sales) proseduru üzrə Litva və Tayvan olacaq. Tam maliyyələşdirmə müqavilə imzalandığı anda başlanıb, lakin sifarişçi müqavilənin təfərrüatlarını (istehsal miqdarlarını və ixrac maliyyələşdirməsinin nisbətini) açıqlamır.
Son illərin müşahidələrinə əsasən qeyd etmək olar ki, Litva ardıcıl olaraq daha çox FGM-148 “Javelin” TƏİRK raketləri alır. Bunlardan birinci partiya Litva Silahlı Qüvvələrinə 2001-ci ildə daxil olub və hazırda piyadaların tank əleyhinə əsas silahıdır.
Bundan başqa, Litva, ordunun tələbatını ödəməkdən ötrü ABŞ-dan 2020-ci ilin avqust ayında 31 milyon ABŞ dollardan artıq məbləğə FGM-148 “Javelin” TƏİRK alıb.
Xatırladaq ki, ötən ilin dekabrında Litva ABŞ-dan daha 10 milyon ABŞ dolları dəyərində FGM-148 “Javelin” TƏİRK yeni partiyasını sifariş edib. Sifarişdə Litva Silahlı Qüvvələri üçün əlavə olaraq “Javelin” kompleksinin buraxma qurğuları, raketlər və digər avadanlıqlar qeyd olunub.
Bu ilin aprel ayında imzalanmış yeni müqavilənin şərtlərinə uyğun olaraq, alınacaq silahlar Litva Silahlı Qüvvələrinin Quru Qoşunlarının təchizatına 2024-cü ildə daxil olmalıdır.
Ümumilikdə, Litva növbəti onillik ərzində belə tip komplekslərdən daha 104 milyon ABŞ dolları həcmində satın almağı planlaşdırır.
Tayvan Ordusu isə öz növbəsində, 400 raket və 42 buraxma qurğusu sifariş edib. Müqavilə şərtlərinə əsasən, bütün partiya sifarişçiyə 2022-ci ilin sonuna qədər çatdırılmalıdır. Hazırda Tayvan ordusunda FGM-148 “Javelin” TƏİRK üçün 360 ədəd buraxma qurğusu və 2000-dən artıq raket mövcuddur.
ABŞ Ordusu üçünsə yerinə yetirilən satınalma, döyüş əməliyyatları, təlimlər və zamanla tez-tez artıq istehsal olunmuş raketləri anbarlardan satın almağa üstünlük verən müttəfiqlər (o cümlədən Avstraliya və Ukrayna) üçün sistematik olaraq istifadə olunan ehtiyatların yerinin doldurulmasından ötrüdür.
Məlumat üçün bildirək ki, FGM-148 “Javelin” TƏİRK 1989-cu ildə ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən layihələndirilib və 1996-cı ildən indiyədək istehsal olunur. Kompleks 1996-cı ildə ABŞ Ordusunun silahlanmasına qəbul edilib.
Böyük miqdarda xaricə ixrac olunub və yenə də olunmaqdadır. Tərkibinə 6 raket daxil olan bir TƏİR kompleksinin 2017-ci ilin məlumatına əsasən dəyəri, ABŞ və müttəfiqlər üçün 600 min ABŞ dolları, ixrac üçün isə 1,4 milyon ABŞ dollarına qədər təşkil edir. 2014-cü il məlumatına əsasən isə bir FGM-148F “Javelin” raketinin qiyməti 246 min ABŞ dolları olub.
Hazırda FGM-148 “Javelin” TƏİRK ümumilikdə ABŞ da daxil olmaqla 21 ölkənin silahlı qüvvələrində istifadə olunur.
Əhəd Əzizov