Pentaqon Ukraynaya MIM2 HIMARS buraxılış qurğusu təhvil verib

Pentaqon Ukraynaya başlanğıc olaraq bir neçə ədəd MIM2 HIMARS buraxılış qurğusu təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul CNAS-2022 Milli Təhlükəsizlik Konfransında (CNAS 2022 National Security Conference – 14-16 June 2022) çıxışı zamanı deyib.
“Biz HIMARS sistemlərinin ilkin ötürülməsini həyata keçirmişik və biz danışarkən ukraynalılar təlimləri (bu sistemlərin mənimsənilməsi üzrə – Ə.Ə.) tamamlayırlar”, – deyə Pentaqonun nümayəndəsi bildirib.
Beləliklə ABŞ Ukraynaya lazım olan hər şeyi təmin etməyə davam edəcəyini bir daha elan edib.
O qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə daxil olan yaylım atəşli reaktiv sistemlərin (YARS) tezliklə istifadəyə verilməsini gözləyir.
Pentaqon rəhbərinin müavini həmçinin ABŞ-ın Ukraynaya bu sistemləri və sursatları tədarük etməyə davam edəcəyi öhdəliyini bir daha təsdiqləyib. Eyni zamanda Kolin Koul Pentaqonun rəhbəri Lloyd Ostinin “ABŞ Ukraynanın uğur qazanmasına kömək etmək üçün hər şeyə hazırdır” sözlərini təkrarlayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin əmin edib ki, ABŞ və digər ölkələr Ukraynaya mümkün qədər çox dəstək vermək və Ukrayna Silahlı Qüvvələrinin uğur qazanmasına kömək etmək üçün səylərini davam etdirəcəklər.
Xatırladaq ki, bu gün, Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun nümayəndələrinin yeni görüşü baş tutub.
İyunun 1-də ABŞ Ukraynaya HIMARS raket artilleriya sistemləri və onlar üçün reaktiv sursatların daxil olduğu yeni hərbi yardım paketini təsdiqləyib. Ukrayna 700 milyon ABŞ dollarlıq yardım paketi çərçivəsində silah alacaq.
M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur. O, 6 ədəd MLRS (M270 Multiple Launch Rocket System) tipli reaktiv mərminin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 km-dir.
Buraxma qurğusu müxtəlif atış məsafəli reaktiv döyüş sursatları ilə həm yaylım atəşli reaktiv sistem (YARS, Multiple Launch Rocket System – MLRS), həm də operativ-taktiki raket sistemi (ƏTRK, operational-tactical missile system – OTMS və ya Army Tactical Missile Systems – ATACMS) kimi istifadə edilə bilər.
Əhəd Əzizov




