“Poliqon” jurnalının yaranmasından 12 il ötür – FOTOLAR
Bu gün “Poliqon” (“AzerDefence”) hərbi-kosmik texnoloji jurnalının yaranmasının 12 ili tamam olur.
Bu münasibətlə “Poliqon” jurnalının redaksiyasında tədbir keçirilib. Tədbirdə jurnalın redaksiya heyəti, keçmiş əməkdaşları və “Poliqon” jurnalının təsisçisi mərhum jurnalist Rəşad Süleymanovun ailə üzvləri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, şəhid jurnalistlərin və “Poliqon” jurnalının təsisçisi Rəşad Süleymanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jurnalın hazırkı baş redaktoru Zaur Babaşov “Poliqon”un 12 illik fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Baş redaktor jurnalın fəaliyyətinin Azərbaycanla məhdudlaşmadığını, Türkiyə, İsrail, İtaliya, Qazaxıstan, Gürcüstan, Cənubi Koreya və Pakistan bazarında unikal mövqeyə malik olmasını diqqətə çatdırıb.
Z.Babaşov bildirib ki, “Poliqon” Azərbaycanda yeganə hərbi-kosmik texnoloji istiqamətli jurnal olmaqla yanaşı, qlobal media olaraq da dünya çapında inkişaf yolunda əmin addımlarla irəliləyir. Müdafiə və hərbi-sənaye şirkətləri arasında kommunikasiya körpüsü rolunu oynayan “Poliqon” jurnalının bu günədək Azərbaycan dilində 70 sayı, əlavə 8 beynəlxalq sərgidə ingilis və rus dillərində xüsusi buraxılışları olub.
Ardınca tədbir iştirakçıları çıxış edərək Rəşad Süleymanovla bağlı xatirələrini bölüşüb və “Poliqon” jurnalına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə açıqlama verən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli, Rəşad Süleymanovun təsis etdiyi və onun özünün də uzun illər əməkdaşı olduğu “AzerDefence” (“Poliqon”) saytının və eyni adlı jurnalın ərsəyə gəlməsindən və Azərbaycan hərbi jurnalistikasındakı rolundan danışıb: ““AzerDefence” saytı təsis olunan vaxtı məqsəd o idi ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dilli oxucular ana dilində hərbi-texnologiya barəsində məlumat əldə etsin. O zamanlar internet resurslarında Azərbaycan dilində hərbi-texnologiya ilə bağlı məlumatlar az idi. Məqsəd bu məlumatları toplayaraq Azərbaycan oxucusuna çatdırmaq idi. “AzerDefence” jurnalının ilk nömrəsi 2012-ci ilin oktyabr ayında “siqnalnı nömrə” kimi 10 ədəd çıxmışdı. Bu gün isə həmin yolda uğurla addımlayan “Poliqon” jurnalı ölkə daxilində sıradan buraxılışlar ilə yanaşı, 2000-3000 ədəd sayla beynəlxalq müdafiə sənayesi sərgilərində xüsusi buraxılışlar hazırlayır.
Bu təkcə onunla bitmir. Rəşad Süleymanov və “AzerDefence” jurnalı Azərbaycan mətbuat nümayəndələrinin hərbi sərgilərdə, beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak ənənəsini qoydu. Hərbi-texnologiya, hərbi-texnoloji mətbuat, müdafiə sənayesi sahəsində ixtisaslaşmış mətbuat orqanı kimi “AzerDefence” (“Poliqon”) jurnalı bu ənənəni yaradıb. Burada da Rəşad Süleymanovun əməyi çox böyükdür və hədsizdir. Rəşad sözün əsl mənasında Azərbaycan hərbi-texnoloji jurnalstikasının qurucularından biri deyil, qurucusudur. Allah ona rəhmət etsin”.
“AzerDefence” (“Poliqon”) jurnalı yarandığı vaxtdan redaksiya ilə əməkdaşlıq edən Şamil Əlibəyli də öz növbəsində Rəşad Süleymanovla bağlı xatirələrini bölüşüb: “Artıq “Poliqon” jurnalının yaranmasından 12 il ötür. Rəşad Süleymanovun “AzerDefence” (indiki adı “Poliqon”) jurnalını 21 iyun 2012-ci il tarixində dövlət qeydiyyatından keçirməyi dünənki gün kimi yadımdadır. Bütün bu proseslərdə Rəşad o qədər sevincli idi ki, onun gözlərində xüsusi parılıtı vardı. Rəşad Süleymanovun hərbi-texnoloji jurnalistika sahəsində zəhməti böyükdür. Təəssüf ki, o, hazırda aramızda yoxdur. Allah ona rəhmət etsin”.
Çıxış və açıqlamalardan sonra Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, hərbi sahədəki yeniliklərin cəmiyyətə çatdılırması və hərbi vətənpərvərliyin təbliğatında POLIQON JURNALI ilə əməkdaşlıq edənlər fəxri fərmanla təltif olunub.