Polkovnik: “HHQ-nin arsenalı 5-ci nəsil döyüş təyyarələri ilə gücləndiriləcək”

Polkovnik: “HHQ-nin arsenalı 5-ci nəsil döyüş təyyarələri ilə gücləndiriləcək”

Xəbər verildiyi kimi, fevralın 20-də Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Azərbaycan Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” şirkəti arasında M-346 təyyarələrinin inteqrasiya sisteminin alınması ilə bağlı saziş imzalanıb.

İtaliyadan M-346 tipli təlim-məşq təyyarələrinin alınmasını “AzeriDefence”yə şərh edən Hərbi Hava Qüvvələrinin (HHQ) polkovniki Namiq İslamzadə bildirib ki, artıq bir neçə ildir ki, Azərbaycan HHQ-də genişmiqyaslı islahatlar aparılır.

“Hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir. Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan HHQ ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 təyyarəsinin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar”, – deyə N.İslamzadə vurğulayıb.

13499bb9 4eb5 4f6b 92dd 59c011c5285a e1582824736832

Polkovnik bildirib ki, M-346 təyyarələrin əldə edilməsi Azərbaycanın gənc hərbi pilotlarının peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq: “Eyni zamanda M-346 təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq.

Sonda xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan HHQ-nin arsenalının 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək”.

CATEGORIES
TAGS