Polşa “Abrams” tankları alacaq

Polşa “Abrams” tankları alacaq

Polşa, ABŞ-ın M1A2 SEP v3 “Abrams” əsas döyüş tanklarının alınması ilə bağlı son qərarı verib. Hökumət ümumilikdə dörd tank taburunun yenidən silahlanması üçün vəsait ayırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski jurnalistlərə müsahibəsi zamanı bildirib.

Baş nazir müavininin sözlərinə görə, ABŞ istehsalı tankların alınması barədə qərar artıq verilib, indi məsələ Amerika tərəfi ilə razılaşdırılacaq. O, tankların ilk partiyasının Polşa ordusuna 2022-ci ildə təhvil veriləcəyini gözlədiyini vurğulayıb. Nə qədər tank alınması planlaşdırıldığını dəqiq açıqlamayan Y.Kaçinski, alınan texnikanın dörd tank taburunu təchiz etmək üçün kifayət edəcəyini söyləyib.

Polşa Müdafiə Nazirliyi də ABŞ tanklarının alınması qərarını təsdiqləyib. Müdafiə naziri Mariuş Blaşakın sözlərinə görə, M1A2 SEPv3 “Abrams” modifikasiyasından 250 tankın, həmçinin idarəetmə, təxliyyə və dəstək maşınlarının alınmasına qərar verilib. Nazir Polşanın Rusiya istehsalı “Armata” tankına qarşı çıxmaq üçün xüsusi olaraq yaradılmış “ən müasir, döyüş sınaqlarından keçmiş tankları” alacağını vurğulayıb.

Polşa, yeni tankları ölkənin şərqində yerləşdirməyi planlaşdırır.

Qeyd etmək lazımdır ki, ABŞ tankları alındıqdan sonra Polşa Ordusunda eyni anda üç fərqli zirehli texnika – Sovet istehsalı T-72M1 (500 ədəddən artıq) və onun Polşa təkmilləşdirilməsi PT-91 “Twardy” (233 ədəd), Almaniya istehsalı “Leopard 2A4/2A5” (247 ədəd) və ABŞ-ın M1A2 “Abrams” (250 ədəd) tankları istismar ediləcək. Bunun isə öz növbəsində texniki və logistik problemlərə səbəb olub-olmayacağını zaman göstərəcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS