Polşa ABŞ-dan MQ-9A “Reaper” PUA icarəyə götürüb

Polşa ABŞ-dan MQ-9A “Reaper” PUA icarəyə götürüb

ABŞ-dan icarəyə götürülmüş MQ-9A “Reaper” pilotsuz uçuş aparatı (PUA) Polşaya gətirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.

Milli müdafiə naziri MQ-9A “Reaper” PUA-nın təcili əməliyyat ehtiyacı çərçivəsində ABŞ-dan icarəyə götürüldüyünü bildirib.

Mariuş Blaşçak həmçinin əlavə edib ki, PUA Polşa Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edəcək və ölkənin şərq sərhədində kəşfiyyat üçün istifadə olunacaq.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Polşa MQ-9A “Reaper” kompleksini icarəyə götürmək barədə razılıq əldə edib. Polşa HHQ icarəyə götürülmüş texnikanı özləri üçün alınana qədər istifadə edəcək.

MQ-9 “Reaper” 20 m qanad açıqlığı və 4763 kq maksimal uçuş çəkisi olan modul kəşfiyyat-zərbə PUA-dır. O, ABŞ-ın “General Atomics Aeronautical Systems” şirkəti tərəfindən MQ-1 “Predator” PUA əsasında ABŞ HHQ, ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) və Britaniya Kral HHQ tərəfindən istifadə üçün hazırlanıb. Hazırda ABŞ və Böyük Britaniya ilə yanaşı, Ukrayna, İtaliya, Türkiyə və Fransa HHQ tərəfindən də istismar edilir.

PUA-nın ilk uçuşu 2 fevral 2001-ci ildə baş tutub. O, saatda 445 kilometrdən çox sürəti inkişaf etdirməyə imkan verən Honeywell TP331-10 (670 kVt / 910 a.g.) markalı turbovintli mühərriklə təchiz edilib. Praktiki tavanı 15240 metr, uçuş məsafəsi 1900 km-dir. Boş kütləsi 2223 kq-dır. Yanacaq çəninin tutumu 1300 litr, yükqaldırma qabiliyyəti 1700 kq-dır. MQ-9A “Reaper” PUA-nın maksimal uçuş müddəti 27 saatdır. Onun MQ-9 “Reaper ER” modifikasiyasının uçuş müddəti isə 33 saat təşkil edir.

Zərbə versiyasında MQ-9 “Reaper” PUA-da silahlar üçün 6 asqı nəzərdə tutulub. Bunlar 2 daxili (680 kq), 2 qanadın ortasında (hər biri 230-270 kq) və 2 konsol (68-91 kq) olmaqla yerləşir. PUA AGM-114 “Hellfire” “hava-yer” sinif tank əleyhinə raketlər, Mark 82 idarə olunan bombalar (lazer tuşlamalı GBU-12 Paveway II və ya GPS tuşlamalı GBU-38 JDAM) və digər silahlarla (“hava-hava” sinif AIM-9X “Sidewinder” və ya AIM-92 “Stinger” raketləri) silahlandırıla bilər.

MQ-9 “Reaper” PUA standart olaraq AN/APY-8 Lynx II bort radiolokasiya stansiyası (BRLS) və MTS-B elektro-optik və termal nişangah stansiyası ilə təchiz edilir.

Taktiki vahidin dəyəri konfiqurasiyadan (silah, BRLS) asılı olaraq təxminən 16,4 milyon ABŞ dolları ilə 30 milyon ABŞ dolları arasındadır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS