Polşa “Bayraktar TB2” PUA alınması müqaviləsinin detallarını açıqlayıb

Polşa “Bayraktar TB2” PUA alınması müqaviləsinin detallarını açıqlayıb

Polşa Silahlı Qüvvələri 2024-cü ilin sonuna qədər Türkiyədən “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatlarının (PUA) və raketlərinin bütün partiyasını alacaq (həmçinin bax: Polşa Ordusu “Bayraktar TB2” PUA alır).

“Poliqon” Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk PUA dəsti 2022-ci ilin sonuna qədər Polşa Silahlı Qüvvələrinə təhvil veriləcək.

Xatırladaq ki, cari ilin may ayında Polşa Silahlı Qüvvələri üçün dörd dəst “Bayraktar TB2” PUA tədarükü haqqında müqavilə imzalanıb (həmçinin bax: Türkiyə və Polşa “Bayraktar TB2” PUA-nın tədarükünə dair müqavilə bağladı).

Hər dəstdə altı ədəd “Bayraktar TB2” zərbə PUA nəzərdə tutulub. Ümumilikdə 24 ədəd “Bayraktar TB2” zərbə PUA Polşa Silahlı Qüvvələrinin silahlanmasına daxil olacaq. Müqaviləyə kompleksin döyüş məqsədinə uyğun olaraq bütün taktiki vəzifələri yerinə yetirməkdən ötrü lazer tuşlamalı MAM-L və MAM-C raketlərinin tədarükü də daxildir. Həmçinin müqavilədə mobil idarəetmə postlarının, sintez edilmiş aperturalı (synthetic-aperture radar – SAR) radiolokasiya stansiyalarının (RLS), məşq qurğularının və ehtiyat hissələrinin də təchizatı nəzərdə tutulub.

Müqavilə 24 aylıq zəmanəti, təlim zərfini və logistikanı da əhatə edir. Digərləri arasında mühərriklərə, yerüstü idarəetmə stansiyalarına, kameralara xidməti və təmiri təmin edəcək texnologiya transferi də olacaq.

Qeyd edək ki, “Bayraktar TB2” zərbə PUA Türkiyədən başqa Ukrayna, Azərbaycan, Türkmənistan, Qətər və Liviya silahlı qüvvələrində istifadə olunur. Ukraynada artıq “Bayraktar TB2” zərbə PUA zavodunun tikintisi üçün yer də seçilib. Albaniya Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkətinin istehsalı “Bayraktar TB2” PUA-larını almaqdan ötrü dəyəri 8,2 milyon avro olan müqavilənin imzalanmasını planlaşdırır (həmçinin bax: Albaniya “Bayraktar TB2” PUA-ları alır). Həmçinin tezliklə Efiopiya və Mərakeş də “Bayraktar TB2” zərbə PUA-ya sahiblənəcəklər (həmçinin bax: Türkiyə Efiopiya və Mərakeşə silahlı PUA satışlarını genişləndirir).

polsa

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS