QuruXəbərlər

Polşa Çexiyadan 4×4 və 6×6 şassilər sifariş edib

Polşanın “Huta Stalowa Wola” (HSW) şirkəti Çexiyanın CSG şirkətindən ümumi dəyəri 150 milyon avrodan çox olan bir neçə yüz ədəd 4×4 və 6×6 şassilər sifariş edib.

“Poliqon” CSG-yə istinadən xəbər verir ki, sifarişlər çərçivəsində HSW-yə “Waran” 4×4 və “Heron” 6×6 çoxməqsədli taktiki və zirehli avtomobillərin istehsalı üçün şassilər və yığım dəstləri tədarük olunacaq.

Bildirilib ki, CSG bunun üçün HSW şirkətindən üç sifariş alıb. Onlardan ikisi 4×4 şassilərin tədarükünü nəzərdə tutur. Bu şassilər əsasında müxtəlif konfiqurasiyalarda, o cümlədən Polşanın Raket və Artilleriya Qoşunları üçün komanda-idarəetmə maşınları istehsal ediləcək.

Üçüncü sifariş isə 6×6 şassilərə aiddir. HSW bu şassilər əsasında “Heron” 6×6 zirehli avtomobilləri, o cümlədən “Homar-A” və “Homar-K” yaylım atəşli reaktiv sistemlərlə (YARS) təchiz edilmiş Raket və Artilleriya Qoşunlarının bölmələri üçün komanda-idarəetmə maşınları hazırlayacaq.

Şassilərin tədarükü üçün nəzərdə tutulan sifarişlərin ümumi dəyəri, yığım dəstləri də daxil olmaqla, 150 milyon avronu ötür. Tədarüklərin 2029-cu ilin sonunadək tamamlanması planlaşdırılır.

Back to top button