Polşa CH-47F “Chinook” helikopterləri ilə maraqlanır

Polşa CH-47F “Chinook” helikopterləri ilə maraqlanır

Polşa Milli Müdafiə Nazirliyi ABŞ istehsalı olan CH-47F “Chinook” ağır nəqliyyat helikopterləri ilə maraqlanır.

“Poliqon” xəbər verir ki, bunu “Portal Obronny” nəşrinə müsahibəsində Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

O, Polşa Silahlı Qüvvələrinin ağır nəqliyyat helikoptərlərinə ehtiyacı olduğunu vurğulayıb: “Bizim böyük yüklərin köçürülməsinə, əsgərlərin əlçatmaz yerlərə daşınmasına və ya insanların evakuasiyasına dəstək ola biləcək daha böyük helikopterlərə ehtiyacımız var”.

Bu ehtiyacları qarşılayacaq helikopterin “Boeing” şirkəti tərəfindən istehsal edilən CH-47F olduğunu bildirən Vladislav Kosiniyak-Kamış qeyd edib ki, Polşa Milli Müdafiə Nazirliyi ABŞ-dan “Chinook”ların alınması barədə düşünür.

Hazırda CH-47F “Chinook” dünya ölkələri tərəfindən ağır nəqliyyat helikopteri seqmentində çox tələb görən platformalardandır. Onun heyəti 2-3 nəfər (pilot, bort-texnik və ya komandir), sərnişin tutumu isə 33-55 əsgər və ya 2 müşayiətçi ilə 24 yataq xəstəsidir. Helikopterin boş kütləsi 12210 kq, normal uçuş kütləsi 22680 kq, maksimal uçuş kütləsi 24494 kq və faydalı yükünün kütləsi 12284 kiloqramdır.

CH-47F hər birinin gücü 4168 at gücü (3108 kVt) olan 2 ədəd turbovint “Honeywell” T55-L-714 mühərriki ilə təchiz edilib. Maksimal uçuş sürəti 285 km/saat, kreyser sürəti 259 km/saat, döyüş radiusu 935 km və praktiki uçuş tavanı 3090 metr olan CH-47F helikopteri 3 ədəd 7.62 mm-lik pulemyotla silahlandırılıb.

CATEGORIES